Azərbaycanı Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib.


Bu barədə Rekord.az-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.


Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya komandası debüt edəcək.


Paralimpiyaçılarımız 9 idman növü üzrə keçiriləcək oyunların 7 növündə – parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük, parakamandan oxatma, parastolüstü tennis və boccia – 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaq.


Ölkəmizi parataekvondoda K44 kateqoriyası üzrə Sabir Zeynalov (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Əliyev (63 kq), Amin Şıxalıyev (63 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və Səmayə Həsənova (47 kq), paracüdoda J2 kateqoriyası üzrə Ömər Qurbanov (62 kq), Hüseyn İsmayılzadə (70 kq) və Elnarə Nizamlı (60 kq), bocciada Fidan Səfquliyeva (BC2 kateqoriyası) ilə Günel Rzazadə (BC4 kateqoriyası), paraüzgüçülükdə Əli Vəliyev ilə Murad Məmmədov, paraatletikanın uzunluğa tullanma növündə Ayşə Arabova, parastolüstü tennisdə Ləman Abdulhəmidova, parakamandan oxatmada isə İsmayıl Allahverdiyev təmsil edəcək.


Qeyd edək ki, 21-28 iyul aralığında keçiriləcək yarışda 33 ölkədən 700-ə yaxın idmançı iştirak edəcək. Paraatletika üzrə yarışlar 23-27 iyulda Enka İdman Mərkəzində olacaq. Digər bütün idman növləri üzrə yarışlar isə Cebeci İdman Kompelsində baş tutacaq.