Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin 2024-cü ildə son iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda AŞF tərəfindən hazırlanan şahmatçıların etik davranış qaydaları qəbul edilib.


Qısa zamanda dərc olunacaq etik davranış qaydaları şahmatçıların diqqətinə çatdırılacaq.


İclasda o cümlədən millilərin formalaşdırılması prinsipləri, yığma üzvlərinə və istedadlı şahmatçılara dəstək proqramının şərtləri, təqaüdlə bağlı meyarlar müzakirələrdən sonra təsdiq edilib.


AŞF-nin Məşqçilər Komissiyasının 2024-cü il üçün hesabatı dinlənilib. Məşqçilər Komissiyasının sədri Anar Allahverdiyev il ərzində məşqçi-müəllimlər üçün 3 səviyyə üzrə 8 fərqli qrupda təşkil edilən seminarlar barədə geniş məlumat verib.


Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi, Uşaq-Gənclər Komissiyasının rəhbəri Fərid Abbasov il ərzində təşkil edilən yarışlar, uşaq və gənclərin hazırlıq prosesi, AŞF-nin nəzdində fəaliyyət göstərən Şahmat Akademiyasında dərslərin gedişatı barədə danışıb. Federasiya tərəfindən 2024-cü ildə uşaq və gənclərin dünya o cümlədən Avropa çempionatındakı nəticələri qeyri-qənaətbəxş hesab edilib, növbəti il üçün komissiyaya inkişafla bağlı təkliflərin hazırlanması tapşırılıb.


Sonda 2025-ci ildə keçiriləcək yarışların təşkilatı işləriylə bağlı tapşırıqlar verilib.