Xorvatiyaya evdəki 0:4 hesablı məğlubiyyət, bəlkə də, bizim bir yumruq kimi birləşməyimizə kömək olacaq. Həmin görüşdə xorvatlar güclü idi, ancaq biz də onların işini asanlaşdırdıq".

Rekord.az xəbər verir ki, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Stanislav Lobotka deyib. 24 yaşlı orta sahə oyunçusu AVRO-2020-in seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçiriləcək oyunları dəyərləndirib.

O, ilk növbədə Xorvatiya ilə matça köklənməyin vacibliyini vurğulayıb. Ancaq "Selta"nın oyunçusu millimizi də unutmur: "Sentyabrdakı Xorvatiya ilə indiki arasında fərq olacaq. Artıq qarşımızda dünya çempionatının ikincisi olan Xorvatiya yoxdu. Çünki heyətlərində kifayət qədər dəyişikli olub.

Ancaq yenə də güclü komanda olduqlarını sübut ediblər. Riyekada bərabərlik bizim üçün heç nəyi həll etmir. Əlimizə düşən şansı qorumaq istəyiriksə, mütləq qələbə qazanmalı və risk etməliyik. 0:0-a oynamamalı və təkcə standart vəziyyətlərə bel bağlamamalıyıq.

Xorvatlar topla yaxşı rəftar edirlər. Onların bunu bacaracaq kifayət qədər təcrübəli oyunçusu var. Ancaq Xorvatiyaya qalib gəlsək belə, arxayınlaşmayacağıq.

Çünki Azərbaycanla da çox çətin oyun keçirəcəyik. Azərbaycanın bundan əvvəl Uelslə heç-heçə etməsi bizə kömək olacaq. Ancaq bütün diqqəti öz oyunumuza yönəltməliyik".