Azərbaycan millisinin rəqibləri: Portuqaliya, Serbiya,.. "Veres"?
- 2021-02-07 10:53
- 2021
Yaddaşım məni aldatmırsa, 2017-ci ilin yanvarında AFFA-nın rəsmi feysbuk səhifəsində mavi rəngli idman ayaqqabısı paylaşmışdılar. AFFA-nın PR menecerləri bununla azarkeşləri müjdələmiş, onlara tapmaca ünvanlamışdılar. Tapmacanın məğzi ondan ibarət idi ki, AFFA-nın milli forma təklif etdiyi hansısa futbolçu bu təklifi qəbul etmişdi. Azarkeşlərə həmin futbolçunun adını tapmaq üçün baş sındırmaq qalırdı. Növbəti gün qəhrəmanın adı açıqlandı: Renat Dadaşov Azərbaycan millisində oynayacaqmış!
Çox keçmədi ki, Almaniya mətbuatı maraqlı iddia ilə çıxış etdi. Özü də həmin iddia almanların milli komandasının Bakıya səfərindən öncə ortaya atıldı. Bu da məntiqlidi. Başqa vaxt biz almanların nəyinə lazımıq? Məşhur “Bild” nəşri yazırdı ki, AFFA Renat Dadaşova Azərbaycan millisinin formasını geyinməyin qarşılığında 1 milyon avro və Bakıda mənzil hədiyyə edib. “Leyptsiq”in əvəzedici komandasında aylıq məvacibi 2500 avro olan futbolçu məhz pula görə Azərbaycan millisində oynamaq təklifini sevə-sevə qəbul edib. Düzdü, sonradan Elxan Məmmədov “Bild”in bu iddiasını “gülməli iddia” adlandırmışdı. Amma biz Elxan Məmmədovun doğru danışdığına daha az şahid oluruq, nəinki “Bild”in yalan xəbər yazmasına.
Azərbaycanda bayram idi, Renat Dadaşov millimizdə oynayacaqdı. Oynadı, nəsə dəyişdimi? Eyni sevinclə Eddi İsrafilovun Azərbaycan millisində oynayacağı ilə bağlı xəbəri eşidəndə bayram etmişdik. Eddiyə AFFA-nın bir milyon avro ödəməsiylə bağlı yazılar da uzun müddət Avropanın müxtəlif nəşrlərində və bizim idman saytlarında dərc edildi. Hələ bu ödənişdən əlavə İsrafilov və anası Bakıya hər səfərində AFFA tərəfindən yüksək qonaqpərvərliklə qarşılandı, onlara təyyarələrdə “biznes klass” biletləri alındı, “beşulduzlu” otellərdə lüks nömrələr sifariş olundu. Eddi bizə nə verdi? Çətin günümüzdə, Vətən müharibəsi zamanı erməni dostlarının xətrinə Azərbaycana dəstək verməkdən imtina etdi. Həmkarlarımın telefonla aradığı futbolçunun azərbaycanlı anası dəstəklə bağlı suala belə cavab vermişdi: “Biz neytral ərazidə yaşayırıq və o, siyasətə qarışmaq istəmir. Bundan başqa, bizim burada dostlarımız və tanışlarımız arasında çoxlu erməni də var. Biz burada hamımız münaqişəyə qarışmadan yaşayırıq. Öz aramızda danışırıq. Siyasi məsələlərə və problemlərə toxunmayacağıq”.
Biz renatları, eddiləri çox görmüşük. Milyonlarla avrolar qarşılığında AFFA onlara milli forma geyindirib, nəticə isə acınacaqlı olub. Ramil Şeydayevlə Emin Mahmudov başını aşağı salıb, Rusiyada futbolunu oynayırdı. Biz də baxıb, fəxr edirdik. Min hiylə, şirin vədlərlə onları da bura dartdılar. Onsuz da millimizin nəticələri dəyişmədi, çünki bir-iki güllə baharın olmayacağı bəlli idi. İndi Ramil “Sabah”da “itkin” düşüb, Emin isə millidə şans qazanmır.
AFFA yeni “milliləşdirmə” sevdasına düşüb. Bu dəfə hədəfdə “Ximki”də oynayan Kamran Əliyevlə “Minay”ın futbolçusu Anatoli Nuriyevdi. İşi o qədər böyüdüblər ki, "dağdan ağır" Canni De Byazi bu iki futbolçunun yoxlama oyunlarındakı çıxışını izləmək üçün Antalyaya yollanıb. “Xoş təsadüf”dən Nuriyev Ukraynanın I liqa təmsilçisi “Veres”lə oyunda het-trik edib. Yaxşı göstəricidi, təbriklər. Amma bizim milli seçmə mərhələdə “Veres”lə yox, Portuqaliya, Serbiya, İrlandiya kimi rəqiblərlə qarşılaşacaq. Bu fərqi unutmayın!