Belarus millisinin futbolçuları Pavel Sedko ilə Maksim Şvetsov bu gün UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüblər.

Rekord.az xəbər verir ki, yarımmüdafiəçi olan 24 yaşlı Sedko Azərbaycan millisinin müdafiə xəttinin zəif olduğunu bildirib:

“Azərbaycan millisi müdafiədə müəyyən qədər zəif təsir bağışlayır. Amma prinsipcə, kifayət qədər yaxşı kollektivdir. Bu gün hücum futbolu sərgiləyəcəyik. Fikrimcə, qollarımızı vuraraq qalib gələcəyik. Çünki bizim üçün başqa nəticə yoxdur. Bu səbəbdən, yalnız qələbəyə köklənəcəyik. Bütün oyunçuların motivasiyası əladır, görüşə yaxşı hazırlaşmışıq. Oyundan əvvəl məşq də keçirmişik. Bugünkü matça hamımız hazırıq”.

Şvetsov isə 2021-ci ildə Minskdə Azərbaycan millisinə 1:2 hesabı ilə uduzduqları yoxlama görüşünü xatırladıb:

“Rəqib indi də eyni sxemlə oynayır. Ötənilki oyun döyüşkən alınmışdı. Son dəqiqələrdə qol buraxmışdıq. Halbuki həmin vaxt daha çox təzyiq göstərə bilərdik. Azərbaycan yığması döyüşkən komandadır. Fikrimcə, bizimlə eyni səviyyədədirlər. Baxacağıq, görək necə alınır”.

Bu gün Serbiyadakı Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək qarşılaşmaya saat 22:45-də start veriləcək.