Voleybolçu qadınlar arasında ölkə çempionatının digər finalçısı da bəlli olub. "Rekord.az" xəbər verir ki,  bu gün Yüksək Liqada keçirilən yarımfinalın son matçında "Abşeron" və "Murov" klubları üz-üzə gəliblər.

Bu komandaların ilk iki oyununda tərəflər hərəyə bir qələbə qazandığından əlavə oyuna ehtiyac yaranmışdı. Həlledici olan bu qarşılaşmaya "Abşeron" daha yaxşı başlayıb və ilk setdə çətinlik çəkmədən qalib gəlib.  Bu üstünlüyünü sonadək qoruyan "Abşeron" klubu "Murov"un ciddi müqavimətinə baxmayaraq, növbəti hissələri də öz xeyrinə yekunlaşdırıb və meydandan quru hesablı qələbə ilə ayrılıb.

Beləliklə, rəqibi üzərində iki qələbə qazanan "Abşeron" finala vəsiqə qazanıb. Komanda çempionluq yolunda "Azərreyl"ə rəqib olub. "Murov" isə bürünc medal uğrunda "UNEC"ə qarşı yarışacaq.

Qeyd edək ki, ölkə birinciliyinin reqlamentinə əsasən, final və üçüncülük oyunları 3 qələbəyədək davam edəcək. Bu mərhələnin qarşılaşmalarının keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.

Yüksək Liqa
Yarımfinal (üçüncü oyun)
   "Abşeron" - "Murov" 3:0 (25:16, 25:21, 25:21)

İlk iki oyunun nəticələri
   “Abşeron” - “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
   "Murov" - "Abşeron" 1:3 (19:25, 25:22, 27:29, 25:27)