“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 5-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Rekord.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Şamaxı”nın evdə yaxşı çıxış etdiyini bilirdik. Onlar bu meydanda bizdən öncə “Neftçi” və “Səbail”ə qarşı əzmkar futbol oynamışdılar, hətta xal da qazanmışdılar. Bu gün də gərgin, mübarizəli oyun getdi. Havanın isti olması da oyunun tempinə mane olurdu. Futbolçular çətinlik çəkirdilər. Amma buna da dözdük. Futbolçularıma da demişdim ki, kim səbrli olsa, o da qalib gələcək. Epizodlara girirdik. Sevindirici haldır ki, Runi Eva bu gün qol vurdu. Çünki bir hücumçunun qol vurması onun özünəinamını artırır. Ümumən futbolçularımdan razı qaldım. Əlbəttə, bizim üçün hər 3 xal vacibdir. Yeni komandayıq. Azarkeşlərə təşəkkür edirəm. Bizi tək buraxmırlar. Futboçuları ruhdan düşməyə qoymadılar. Qarşıdakı oyunlara baxacağıq”.