Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Ayşən Abduləzimova yeddi yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsinə münasibət bildirib. Millimizin kapitanı hadisə ilə bağlı fikirlərini sosial şəbəkədə bölüşüb. "Rekord.az" voleybolçumuzun paylaşımını təqdim edir:

"Yeddi yaşlı uşağın məşqçisi, müəllimi tərəfindən öldürülməsi xəbərini eşidəndən və məlum videonu izləyəndən sonra dəhşətə gəldim və özümə gələ bilmirəm. Valideynlər öz övladlarının gələcəyini qurmaq üçün, parlaq idmançı olmaları üçün təcrübəli idmançılara əmanət edirlər. Təəssüf ki, ətrafımızda özünü idmançı adlandıran, balaca uşaqlarla rəftar etməyi belə bacarmayan qeyri-professional mütəxəssislər də var. Heç bir beynəlxalq medal, mükafat həmin müəllimin bu qeyri-insani hərəkətlərinə bəraət qazandıra bilməz. Tanınmış idmançı, çempion olmazdan əvvəl insan olmaq mütləqdir. 

Valideynlər də övladlarını idmana qoyarkən, uşaqlarının necə idmançının, müəllimin yanında məşq keçəcəylərinə diqqət yetirməlidirlər. Müəllimləri, idman zalını yoxlamadan övladlarını məşqə yollamasınlar. Buna xüsusi diqqət edilməlidir. Əlbəttə, idman zallarında professional, təcrübəli məşqçilərimiz, müəllimlərimiz də çoxdur. Biz də uşaqlıqdan idmanla məşğul oluruq, mən heç vaxt bir uşağa qarşı belə vəhşi münasibət görməmişəm.

Azərbaycan idman ölkəsi kimi tanınır. Bu cür halların yaşanması əlbəttə ki, idman nüfuzumuza da xələl gətirir. Bundan sonra valideyn bir idmançıya necə güvənsin, uşağını ona necə əmanət etsin? Hansısa idmançının qeyri-insani hərəkətləri idman mütəxəssislərinə inamı da azaldır. Əminəm ki, balaca uşağı döyərək həyatına son verən bu şəxs cəzasız qalmayacaq, dövlətimiz bu vəhşiliyi törədənin layiqli cəzasını mütləq verəcək".