12-20 aprel tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında iştirak etmiş yığma komandamız çıxışını başa vurub.

Rekord.az xəbər verir ki, 109 kq çəki dərəcəsində üç qızıl medal qazanaraq çempion olan Dadaş Dadaşbəyli, 12 illik fasilədən sonra ilk dəfə kişilər arasında bu uğura imza atıb.

Dünən axşam yığma komandamız Bakıya qayıdıb. Dadaşbəyli və digər üzvlərimiz hava limanında böyük coşquyla qarşılanıb, milli musiqilər ifa olunub, bayram ab-havası yaşanıb. 

Qarşılamağa gələnlər arasında çox sayda ağırlıqqaldırmasevərlər, digər milli komandalarımızın üzvləri, valideynlər, idmançıların yaxınları, mütəxəssislər, federasiya rəsmiləri, müxtəlif ictimai qurum və təşkilatların üzvləri olub. 

Avropa çempionu Dadaşbəyli, həmçinin məşqçi heyətinə gül dəstələri təqdim olunub. KİV-lər Dadaş Dadaşbəyli və baş məşqçi Maxtı Makkayev, həmçinin vitse-prezident Firdovsi Umudovdan yarış barədə açıqlamalar alıb, təəssüratlarını öyrəniblər. Atletimiz qazandığı uğura çox sevindiyini və bundan sonra da qələbələr qazanmaq üçün əzmlə çalışacağını, məşqçi isə komandanın çıxışından razı qaldığını, federasiyanın dəstəyi ilə daha böyük nailiyyətlərə imza atacaqlarını qeyd edib. Firdovsi Umudov bu səfərdə iştirak edən federasiyamızın prezidenti Kamran Nəbizadə ilə birlikdə bir sıra vacib görüşlər keçirdiklərini, beynəlxalq əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində addımlar atdıqlarını vurğulayıb.