Təzadlarla dolu Azərbaycan futbolunda daha bir qəribəlik milli komandanın baş məşqçisi postu ilə bağlıdır.

Az qala hamı o fikirdədir ki, Azərbaycan millisinin başına hətta dünyanın ən güclü məşqçisi gətirilsə də, ciddi nəticə qazanmaq mümkün deyil.

Amma buna rəğmən Qurban Qurbanovun 10 aylıq fəaliyyəti istisna olmaq şərti ilə, 13 ildir ki, millimizin baş məşqçisi postuna əcnəbilər gətirilir.

Nikola Yurçeviçin vaxtındakı biabırçı nəticələrdən sonra AFFA rəhbərliyinin yerli məşqçiyə güvənəcəyi ehtimal edilsə də, seçim yenə əcnəbidən yana oldu.

Millətlər Liqasındakı uğursuz çıxışdan sonra De Byazinin komandası DÇ-nin təsnifat mərhələsində də pis çıxış sərgiləyir. Və belədə ortaya sual çıxır – nəticə yoxdursa, olmayacaqsa, böyük məvacibə milli komandaya əcnəbi məşqçi gətirmək nəyə və ya kimə gərəkdir?

Rekord.az xəbər verir ki, s​​​​​​portal.az AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmış yığmaların məşqçilərinin maaşları ilə bağlı araşdırma aparıb.

Aydın olub ki, AÇ-dəki 24 məşqçidən 11-i De Byazidən daha az maaşa çalışır. Beləliklə həm De Byazinin, həm də AÇ-də ondan daha az qazanan məşqçilərin illik məvacibini təqdim edirik.