Azərbaycan milli komandası “FIFA Series - 2026” beynəlxalq turnirin qalibi oldu. FİFA səviyyəsində qazanılan ilk kubok idi. Hər halda, təbrik etmək lazımdır. Bəli, bu qələbəni qədərindən artıq şişirtməyin, sanki DÇ və AÇ-nın final mərhələsinə vəsiqə qazanıbmış kimi qeyd etməyin tərəfdarı deyiləm. Amma eyni zamanda kiçiltməyin, aşağılamağın, ələ salmağın da qəti əlehinəyəm. "Guya kimləri udmuşuq", "rəqiblərin adlarını ilk dəfədir eşidirik" və s. deyirik, amma gəlin görək biz özümüz hardayıq, bizi kim tanıyır? Sent Lusiya məlumdu, zəifdi, futbolçularının səviyyəsi, özünün FİFA reytinqi bizdən aşağıdır. Amma Syerra Leona həm heyətinə görə bizdən güclüdür, həm də FİFA reytinqinə görə bizdən öndədir. Dünən də qeyd etmişdim ki, heyətlərində Almaniyada, İngiltərədə, Fransada, Danimarkada, İsraildə oynayan legionerləri var. 21 nömrəli mərkəz müdafiəçiləri Abdulla Juma Bahın 19 yaşı var, "Nitsa"da oynayır. Müqavilə ilə "Mançestger Siti"yə məxsusdur. Bu səviyyədə kimimiz var ki, Syerra Leonaya yuxarıdan aşağı baxaq? Dünən də oyunun çətin keçəcəyini yazmışdım. Elə də oldu. Rəqib hesabı açdı, uzun  müddət öndə oldu, yalnız sona yaxın bərabərlik qolunu vurub oyunu penaltilərə daşıya bildik. Etiraf edək ki, o qolda da qapıçının kobud səhvi var idi, milli səviyyəsindəki qapıçı elə qol buraxmaz.


Ən çox xoş olan o oldu ki, bu nəticəni yerli məşqçi qazandı. Bunun özündə də bir millilik var. Məsələn, təsəvvür edirəm hansısa əcnəbi məşqçi bu qələbəni qazansaydı heç adama salam verməzdi, yanından düz keçərdi. Amma Ayxan həm mətbuat konfransından əvvəl dəhlizdə jurnalistrlərlə səmimi şəkildə görüşdü, təbrikləri qəbul etdi, həm oyundan sonra görüşdü, bəziləri ilə ayaqüstü müzakirə apardı. Milli dediyin belə ortamda daha doğma olur. Futbolçuların AFFA-nın rəhbər şəxsləri ilə birlikdə kuboku azarkeşlərin daha çox toplaşdığı tribunaya tərəf aparıb azarkeşlərin fonunda şəkil çəkdirməsi də millilikdi. Təbii ki, görüləcək iş çoxdur, qarşıdan daha ciddi oyunlar gəlir, daha ciddi hazırlaşmaq lazımdı, əminəm ki, bunu AFFA rəhbərliyi də gözəl başa düşür, Ayxan Abbasov da. Federasiya rəhbərliyi Ayxanın timsalında yerli məşqçiyə üstünlük verəndə bu qərarı dəstəkləyənlərdən olmuşdum. Bu gün də eyni dəstəkdə qalıram. Başqa yolumuz yoxdu. Futbolçu potensialımız ortadadı. Bizə legioner məşqçi lazım deyil. Ayxana inanmaq, daha yaxşı nəticə verməsi üçün şərait yaratmaq lazımdı.


Anar XANLAROV