Birinci divizionda çıxış edən "Araz Naxçıvan"da yeni təyinat rəsmiləşib.

Rekord.az xəbər verir ki, İdarə Heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç klubun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri təyin olunub.

"Futbol plus" Tahir bəyin yeni təyinatla bağlı fikrini və planlarını soruşub:
 

"Mən ötən əsrin 80-ci illərinin əvvəlindən "Araz Naxçıvan"ın azarkeşiyəm. SSRİ dönəmində komandanın oyunlarını izləmişəm. Müstəqillik illərində isə Əli Rəhmanov, Məhərrəm Həsənov, Böyükağa Hacıyev kimi məşqçilərin rəhbərlik etdiyi "Araz Naxçıvan"ın yanında olmuşam. Elə bir oyun olmayıb ki, ona baxmayam. Yəni, "Araz Naxçıvan" mənim üçün sevgi komandasıdı. Komanda 2014/15 mövsümündə Topaz premyer-liqasında çıxış edib, çempionatın gedişində fəaliyyətini dayandırarkən də klubda təmsil olunurdum. Odu ki, sevimli komandamda yeni posta təyinatıma çox şadam. Məni bu vəzifəyə layiq görən insanlara dərin minnətdarlığımı bildirirəm. Media və İctimaiyyətlə Əlaqələr Departamenti olaraq klubumuzu irəli aparmaq və daha populyar etmək üçün layihələrimiz var. "Yutub" kanalı üzərindən "Araz Naxçıvan"ın televiziyasını, müasir standartlara cavab verən saytını yaratmağı, sosial şəbəkələr üzərindən klubun peşəkar təbliğatı, media ilə qarşılıqlı münasibətlərin qurulması, beynəlxalq əlaqələr və başqa ciddi işləri planlaşdırırıq. Əlimizdən gələn hər şeyi edəcəyik ki, "Araz Naxçıvan" Azərbaycanda öndə gedən kluba çevrilsin".