"Araz Naxçıvan" Premyer Liqadan düşür! - ÖZƏL
- 11:12
- 72
Haqqında cinayət işi başlanılan və barəsində ev dustağı qətimkan tədbiri seçilən Zaur Axundovun gedişi rəhbəri olduğu "Araz Naxçıvan"ı dağıda bilər. "Rekord.az" bu haqda məlumat əldə edib.
Belə ki, maliyyə qaynağı kəsilən klubun elə bu il Liqadan düşürülməsi gözlənilir. Mənbənin dediklərinə görə, hazırda yalnız dövlətdən ayrılan pulla saxlanılan komanda ancaq mövsümün sonuna qədər qalacaq. AFFA-nın işə müdaxilə etməsi, Premyer Liqada problemin olmaması üçün yarışın başa çatdırılması planlaşdırılır. Çempionat bitəndən sonra "Araz Naxçıvan" lisenziya şərtlərinə riayət edə bilməyəcək. Bu da bu klubun I Liqaya, hətta Region Liqasına qədər düşməsinə səbəb olacaq.
Bu baş verərsə, I Liqadan elitaya potensial 2 yox, 3 komandanın gəlməsi mümkün olacaq. 12-ci pillə avtomatik düşəcək, 11-ci pillə pley-off oynayacaq. "Araz Naxçıvan"ın yerinə isə 3-cü komanda gətiriləcək. Bu komanda I Liqada tutduğu yerə yox, lisenziya şərtlərinə cavab verib-verməməsinə əsasən seçiləcək.
Beləliklə, "Araz Naxçıvan"la bağlı ssenari aşağıdakı kimidir:
1. Klub çempionatı başa çatdırır və nəticədən asılı olmayaraq I Liqaya düşür.
2. Klub fəaliyyətini dayandırır.
3. Oyunçu və aşağı yaş qrupları üzrə məşqçi heyəti digər klublara göndərilir.
4. Naxçıvan Futbol Federasiyasının səlahiyyətləri zəiflədiyindən, "Araz"ın maksimum Naxçıvanın daxili yarışlarında oynaması mümkün olur.
5. Siyasi məsələlər həllini tapandan və Zəngəzur dəhlizi açılandan sonra, təxminən 2028-ci ildə klubun yenidən fəaliyyətə başlaması, birbaşa II Liqadan yarışa qayıtması planlanır.