APOEL-dən APOEL-ə qədər...
- 08 Noy 2019 13:23
- 2348
Diqqətli dostlarımızın yadında olar. “Qarabağ” avqustda APOEL-ə məğlub olanda mən də “Rekord.az” oxucuları üçün “BATE-dən APOEL-ə qədər” sərlöhvləli yazı yazmışdım. Çalışmışdıq ki, “Qarabağ”ın BATE-yə uduzmasından keçən zaman kəsiyində nəyin dəyişdiyini araşdıraq, birlikdə bu iki məğlubiyyət arasında paralellər aparaq. Təxminən 3 ay keçib. Birlikdə diqqət yetirək, “Qarabağ”ın 3 ayda nə işlə məşğul olduğuna birlikdə baxaq.
Həmin oyundan bir neçə gün sonra Azərbaycan Premyer Liqası start götürdü. Adı gurultulu səslənən ölkə çempionatının artıq bir dövrəsi bitib, ikinci dövrənin 3 turu oynanılıb. “Qarabağ” üçün nəticə fantastik sayılacaq dərəcədə yaxşıdı. Ağdam təmsilçisi ardıcıl 7-ci dəfə çempion olmağa çox yaxındı. Komandanın adının qarşısındakı məğlubiyyət qrafasında “0” yazılıb. Cəmi iki oyunda “Qarabağ” qələbə qazana bilməyib ki, bunlardan da biri əsas rəqib sayılan “Neftçi”ylə səfər görüşündə olub. Digəri isə Azərbaycan çempionatının ən uzaq “deplasmanı” sayılan Qəbələdə qeydə alınan 1:1 hesablı heç-heçədi. Vəssalam. İtalyan baş məşqçisi, 10 (!) əcnəbi futbolçusu olan “Neftçi” iki görüşdə “Qarabağ”ın qapısına qol belə vura bilməyib. “Qarabağ” 10 oyuna cəmi iki buraxıb ki, həmin oyunların da birində hesab ilk hissədən sonra 3:0 “köhlən atlar”ın xeyrinə idi. Hazırda ən yaxın izləyicisi “Qarabağ”dan 8 xal geridədi, 10 tur sonra xal fərqi 8-ə çatıbsa, qışdan sonra nəyin baş verəcəyini təxmin etmək elə də çətin deyil. Bu fərqin “əriməsi” üçün Allah göstərməsin, mütləq xüsusi nəsə baş verməlidi.
Azərbaycan Premyer Liqasından nəzərlərimizi ayıraq, Avropa Liqasının qrupuna baxaq. Qrup mərhələsinə “Sevilya”ya 0:3 uduzmaqla başladıq ki, nəticə olaraq gözlənilən idi. Bakıya İspaniya La Liqasının lideri kimi gələn “əndəlüslülər” ikinci hissədə səviyyə fərqini ortaya qoydular. Biz də həmin səviyyə fərqini “Düdelanj”la oyunda göstərdik. APOEL-lə oyunların gərgin keçəcəyi də ondan sonra qətiləşdi. Qrupdakı 2-ci yerin taleyini məhz bu görüşlər həll edəcəkdi. Amma bir qədər məsələnin real tərəflərinə də baxmaq lazımdı. APOEL-lə ilk görüşdən öncə Mahir Emreli zədələndi, yalnız 2-ci hissədə oynaya bildi. Dünənki görüşdə isə Mahir ümumiyyətlə, iştirak etmirdi. Oyunun əvvəlində Kintana sıradan çıxdı, sonra da Miçel ona qoşuldu. İşin bu qədər tərs gedəcəyini əvvəlcədən bilmək, bütün “fors-major”lara hazır olmaq asan məsələdi? Özü də bir Azərbaycan klubu, ölkəsinin çempionatında bir ayaqla 10 tura 8 xallıq fərq yaradan komanda avrokuboklar üçün ayrıca bir heyət qura bilərmi?
Bəli, Qeye uğursuz transferdi, bunu deməmək ədalətsizlik olar. Beqoviç də gözlədiyim qədər xilaskar deyil. Sanki adam “Neftçi”ylə görüşdə ilk dəfə meydana çıxandan bəri dəyişib, özünə vurulub. Bakıdakı oyunda top Maksimin çiynindən qapıya getdi, sonra da Rəşad topu uzaqlaşdıra bilmədi. Dünən də Arazın tərs vuruşu “məhsuldar korner”lə nəticələndi, Miçel əlverişli epizodlara hesabı artıra bilmədi. Vallah-bilah, bunlar çox xırda nüanslardı. Rəqib səndən güclüdüsə, hərləyib-fırlayıb istədiyini alacaq. Digər bütün nəticələr xoş təsadüf sayəsində ola bilər, o da hər dəfəsində yox. Bu səviyyəli yarışda, qrup mərhələsində zəif rəqib axtarmağın özü gülünc olar. Başımızı başlara qoşduğu üçün “Qarabağ”a minnətdarıq. Məğlubiyyətimiz də səviyyəmizin göstəricisidi, ayağımızı yorğanımızdan kənara çıxarmayaq.