
"Ağstafa Gəncləri" "Region Liqası"na hazırlaşır
- 18 May 2023 12:00
- 1108
Növbəti mövsümdən "Region Liqası"nda yeni komanda oynaya bilər.
Rekord.az-a daxil olan məlumata görə, Ağstafanın "Ağstafa Gəncləri" adlı komandası sözügedən liqada oynamaq üçün AFFA-ya müraciət edəcək.
Məlumat üçün deyək ki, "Ağstafa Gəncləri" yeni komanda deyil. Bu komanda 2007-ci ildə təsis olunub, 2-3 il Həvəskarlar Liqasında çıxış edib. Lakin sonradan maliyyə sıxıntısı ucbatından komanda fəaliyyətini dayandırıb. Lakin böyüklər fəaliyyətini dayandırsa da, uşaq komandası kimi fəaliyyətini davam etdirib. Aradan xeyli müddət keçdikdən sonra komanda rəhbərliyi, təsisçi şəxslər yenidən böyük futbola qayıtmaq istəyir. "Region Liqası"nda iştirak istəyi də burdan yaranıb. AFFA razılıq verərsə, o zaman "Ağstafa Gəncləri" ev oyunlarını Ağstafa stadionunda keçirəcək. Artıq sözügedən arenada bir neçə yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulub.
Ümid edirik ki, istər Ağstafa Rayon İcra Hakimiyyəti, istərsə də, AFFA "Ağstafa Gəncləri"nə dəstək olacaq, onlara əllərindən gələn yardımı edəcək. Hər halda, yenidən fəaliyyətini bərpa edən komanda üçün adi top, forma, inventar vermək elə də böyük maliyyə tələb etmir.