Stereotip: ağır atletika ilə məşğul olmaq qadının sağlamlığına ziyandı
Cavabı: yalandı. Təcrübə və elmi araşdırmalar tam əksini deyir.

Gəlin, lap təməl biliklərdən başlayaq. Pauerliftinq, bodibildinq, armrestlinq, krosfit və digərlərindən fərqli olaraq ağır atletika (ağırlıqqaldırma) Olimpiya idman növüdür. Bu ad altında çağırılan istənilən idman növü ilk növbədə Olimpiya Oyunlarının Konstitusiyası sayılan Olimpiya Xartiyasına uyğun olmalı, onun tələblərinə cavab verməlidir. Burada insan həyatına, sağlamlığına zərərli olan, ona xəsarət yetirən heç bir fəaliyyət müsbət qarşılanmır, qadağan edilir, çətinliklərin yaranmaması üçün mütəmadi addımlar atılır. Bəzi idman növlərini hələ də Olimpiya Oyunlarında görməməyimizin, bəzilərinin çıxarılması, bəzilərinin çıxarılma üzrə olması səbəblərindən biri də budu. Olimpiya Oyunları ailəsində bilavasitə güc nümayişi üzərində qurulan, ona əsaslanan yeganə idman növü məhz ağır atletikadı. Xartiyada bir neçə dəfə “idmançıların sağlamlığına və tibbi xidmətə aid olan, onları təşviq edən rəhbər prinsiplər və qaydaların dəstəklənməsi” cümləsi işlədilir. Bir sözlə, ağır atletika onunla məşğul olanların sağlamlığına dağıdıcı təsir göstərsəydi, Olimpiadada təmsil oluna bilməzdi.

Ümumiyyətlə, qadın ağır atletikası Olimpiya Oyunlarında yenidir. Zərif cinsin nümayəndələri ilk dəfə yalnız 2000-ci ildə Sidneydə körpücük üzərinə çıxaraq güclərini nümayiş etdirmək imkanı qazanmışdılar. Avropa və dünya çempionatları da başlanğıcını ötən əsrin 80-ci illərindən götürür. Çox da uzun keçmiş deyil. Dünya özü bu prosesi keçib-bitirmiş hesab edilmir. Stereotiplərin olması normaldır.

Ağır atletika qadının məşğul olacağı heç də ən pis iş deyil. Hətta ortabab nəticə göstərən idmançı normal aylıq məvacib, beynəlxalq yarışlarda uğur qazananları isə əlavə olaraq yaxşı mükafatlar qazana bilirlər. Bu pulla onlar həm öz güzəranını qura, həm də imkana görə ailəsinə dəstək olmaq şansı qazanırlar. Dövlət tərəfindən verilən bir sıra imtiyazları, populyarlığın gətirdiyi əlavə imkanları da qeyd etmək lazımdır. Şəxsən tanıdığım qadın idmançılar var ki, uşaq evlərindən çıxıblar, yeganə ümid yerləri məhz idman, ağır atletika olub, ailələrinin həm qürur, həm də ümid yeridirlər. İdman vasitəsilə təhsil alan, özünə peşə qazanan, gələcəkdə ən azından orta təbəqədə öz yerini tutmaq imkanı əldə edənlər yetərincə çoxdur.

Gələk, stereotiplərə. Birincisi.
“Uşaq dünyaya gətirə bilməyəcək!”
Absurd iddiadı. Əksinə, ağır atletika ilə məşğul olan qadınlar bud-çanaq hissənin, qarın əzələlərinin, başqa dillə - presslərinin möhkəm olması səbəbindən doğum (reproduksiya) prosesini daha rahat və daha yüngül ağrılarla keçirə bilirlər. Bir qadının dünyaya uşaq gətirməsinə maneənin məhz ağır atletika olması barədə bir dənə də fakt yoxdur. Əvəzində məlumdur ki, bir qadın ağır atlet hamiləlik dövründə belə adaptasiya edilmiş məşqlərinə ara verməyə bilər və bu, təhlükəsizdi. Braziliyanın San-Paulu şəhərinin Kampinas Universitetinin “Mamalıq və Ginekologiya” fakultəsinin “Mamalıq” bölməsinin professorlarının uzunmüddətli araşdırmasının nəticələri bunu deməyə əsas verir. Belə ki, araşdırmaya görə fiziki təmrinlərin yerinə yetirilməsi uşağa zərər vurmadan ana sağlamlığı və həyat keyfiyyətini artırır, əzələ-skelet diskomfortunun, artıq çəkinin qarşısını alır, gestational diabetə nəzarət imkanı verir. Bunu mən yox, elm deyir. Araşdırmaya keçid linkini bura qoyuram, maraqlı olsa, vaxt sərf edib oxuya bilərsiniz:
https://lbs.co.il/files/redirect/Physical%20exercise%20during%20pregnancy:%20a%20systematic%20review.pdf

Tanıdığım, son 15 ildə peşəkar idmançı olmuş və ailə qurmuş BÜTÜN qadın ağır atletlərin uşaqları var, sağlamdılar, normal da yaşayırlar.

“Sağlamlıqları pozulacaq”
Yenə də əsassız iddiadı.
Bir çox ölkələrdə - Ukrayna, Polşa, Çexiya və başqaları – 11-12 yaşlı qızlara üzgüçülüklə yanaşı ağırlıqqaldırma ilə məşğul olmaq tövsiyə olunur. Məhz bu idman sayəsində onların sümükləri bərkiyir, bədən quruluşu möhkəm, daha düz olur, gələcəkdə qozbellik, buna yaxın müxtəlif xəstəlik və qüsurların olma ehtimalı azalır. Sizə onlarla qadın ağır atlet göstərə bilərəm ki, baxıb “bunların peşəsi idmançı yox, maneken olmalıdı” deyərsiz.

Ağır atletlər niyə bu qədər sağlamdılar? Məntiqlə mütəmadi ştanq qaldırmaq, yorucu, ağır məşqlər onları sıradan çıxarmalı idi. Sağlamdılar, çünki peşəkar idman doğru qidalanma, doğru bərpa, doğru istirahət, doğru həyat tərzi tələb edir. Yığma komandada yer alan atletlər həkimlər, məşqçilər və qidalanma mütəxəssislərinin ortaq rəyi əsasında hazırlanan yeməklər yeyir, vitaminlər qəbul edir, məşqlərdən sonra bərpa prosesləri keçir, yuxu rejiminə maksimum riayət edirlər. Bununla yanaşı, onlar fasiləsiz həkim nəzarətindədilər, ildə azı iki dəfə tam müayinədən keçirlər, müalicəyə ehtiyac olduqda lazımi dəstəyi alırlar. Bu qeyd olunanları siz öz sıravi həyatınızda edə bilirsizmi, buna imkanınız çatırmı? Cavabı məlumdu. Ağırlıqqaldıranlar məhz sağlamlıq baxımından əksəriyyətimizdən bir addım öndədilər.

“Kobud görünəcək, kişiyə oxşayacaq”.
Oxşamayacaq. Ən azından buna səbəb məh idman deyil. Hər şey genetikadan asılıdı. Bir qadın “yekə”dirsə, “kobud”dursa, o idmanla məşğul olsa da elədi, olmasa da. Ümumiyyətlə, kişisayaq olmaqla əzələli olmaq eyni şeydimi, əzələli olmaq yalnız kişilərə aid xüsusiyyətdimi?

Təbii ki, hər məşqdə toplam 3-4 ton (bəzən daha çox) çəki qaldıran bədən əzələli, qollar, çiyinlər güclü, daha böyük olmalıdı, olmasa qəribə olar. Bu idmandı, özü də peşəkar, Olimpiya statusu olan idman. Burda nəticə qazanmaq üçün çətin, mütəmadi məşqlər lazımdı. Bu güləşdə də belədi, futbolda da, voleybolda da, ağırlıqqaldırma da. Əzələli bədən budu. Kobud bədən isə deformasiyaya uğramış, cizgiləri keçmiş bədəndi. Hər şeyin bir həddi var və ağır atletikada (yenə də qeyd edim: pauerliftinq, bodibildinq və s.-ni bura aid etməyin, çünki fərqli idmanlardı) bu hədd aşılmır. Aşılsa, lazımi çəkilərin qaydalara uyğun qaldırılması mümkün olmaz. Ağır atletikada sürət, güc, qüvvə sinerji halında olmalıdı. Həddindən artıq əzələli qollar, əzələli ayaqlar sürəti azalda, həm birdən, həm də təkanla qaldırma hərəkətini prinsip olaraq yerinə yetirməni mümkünsüz edər. “Əzələli nəhəng” olmaq nə qadın, nə də kişi ağır atletlərə sərf eləmir. Əksəriyyət digər güc idman növləriylə ağırlıqqaldırmanı səhv saldığına görə yanlış təəssürat yaranır. Ağır atletlərdə “əzələləşmə” prosesi tədricən baş verir və müəyyən nöqtədən sonra dayanır. 49 kq çəkisi olan qadın 100 kq-ın öhdəsindən gəlmək üçün əvvəl 95-i, ondan əvvəl 94-ü, ondan əvvəl 90-ı, əvvəl 85-i və s. çəkiləri ram etməlidi. Medal verən çəkiyə lap əvvəldən – məsələn, 5 kq-dan, hamının hər gün güc gəldiyi çəkidən başlamaq lazımdı. Sonra məşqlərlə rəqəm 15-20 dəfə böyüyə, fəxri kürsüyə gətirə bilər. Yəni 100 kq-ı ram edənə qədər bədən əvvəlcə 30 kq-ı qaldırmağa, sonra 40 kq-ı qaldırmağa öyrəşir, bədən buna proporsional şəkildə uyğunlaşır, inkişaf edir. Kimsə, zala girən kimi o yekəlikdə çəkinin altına girmir ki, bədən də deformasiyaya uğrasın. Öz çəkisi 100 kq-dan çox olan qadınlara gəlincə, bunun nəinki ağır atletika, ümumiyyətlə idmanla əlaqəsi yoxdu. O çəkidə olan qadının həkim, müəllim, aşpaz, sağıcı və ya idmançı olması əhəmiyyət daşımır. Bu, genetik məsələdi. Əksinə, idmançı qadın digər peşə sahiblərindən daha sağlam, bir çox xəstəliklərdən uzaq durmaq baxımından daha şanslı olacaq.

Stereotiplərdən biri müəyyən qədər həqiqəti əks etdirir ki, bu da səsin qalınlaşmasıdı. Bəli, bu ola bilər, olur da. Əvvəla, atletlərin qəbul etdikləri qadağan edilmiş dərmanların (hormonal və s.) rolu az deyil bu “qalınlaşma”da. Qısa deyim, UĞUR NAMİNƏ HƏR YOLA ƏL ATMAQ OLMAZ!

İşin tibbi-fizioloji tərəfi isə odu ki, atletlərdə yuxarı çiyin qurşağı və boyun əzələləri normadan artıq yüklənir, nəticədə qırtlaq əzələləri gərginləşir. Bu səbəbdən səs telləri hərəkət etməyi dayandırır, səsi qalınlaşdırır. Amma bu heç də bütün idmançılara aid deyil. Faiz etibarı ilə götürsək, atletlərin 15-20 faizində bu hal özünü bariz şəkildə göstərə bilir. Qalanlarında hər şey qaydasındadı. Genetika da öz rolunu oynayır. Qadının səsi genetik olaraq incədisə, normal məşq onun o səsini poza bilməz.

Bu qədər.

Gözəlliyə gəlincə, bu sırf zövq məsələsidi. Heç kim kimisə məcburən sevə, bəyənə bilməz. Şəkildəki qızlar Azərbaycanın ağır atletika üzrə qadınlardan ibarət yığma komandasının üzvləridi. Qərar sizindi.