Misli Premyer Liqasının XXIV turu "Şamaxı" üçün ikiqat yubileylə əlamətdar olub.


Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlarını da daşımış komanda Premyer Liqada 300-cü, tarixində 400-cü qələbəsini qazanıb.


"Şamaxı" "Sumqayıt"la səfər görüşündə 1:0 hesabına sevinib. Azərbaycan çempionatının yüksək dəstəsində 717-ci matçına çıxan komanda 300-cü dəfə meydandan 3 xalla ayrılıb. Qələbələrdən 175-i evdə, 125-i səfərdə qeydə alınıb.


"Şamaxı" turnirin tarixində 300 və daha çox qələbə qazanan 3-cü komandadır. Yalnız "Qarabağ"la "Neftçi" daha çox oyunda qalib gəlib. 1999/2000 mövsümündə "Xəzər Universiteti" kimi debüt edən komanda ilk qələbəsini 1999-cu il noyabrın 21-də "Xəzər"lə (Sumqayıt) ev görüşündə əldə edib.


Azərbaycan kubokunda 60, avrokuboklarda 16, I Liqada 16, "Birlik Kuboku"nda 8 qələbəsi olan "Şamaxı" bütün turnirlər nəzərə alınmaqla 400-cü dəfə rəqibini məğlub edib.