Məlum olduğu kimi, Azərbaycan futbolunda oyun alqı-satqısı, oyunlara pul qoyuluşu, bir sözlə, “qumar” baş alıb gedir. Qarşısını da ala bilmirlər. Heç ala da bilməyəcəklər. AFFA bütün klubları öz monopolyasına alıb. Hərəsinə də cüzi büdcə ayırıb. Nəticədə elə komandalar var ki, futbolçusuna 150-200 manat maaş verir. Bu maaşı alan futbolçu əlbəttə ki, ya futbolu atıb başqa peşənin dalınca gedəcək, bunu bacarmayanlar da oyunları qumara qoyacaq.  Sözümün canı bu deyil.

 

Hər kəsə bəllidir ki, tək son bir ayda 40-dan artıq futbolçu bu cür “oyunlar”da iştirak etdiyi üçün futboldan kənarlaşdırılıb. Təbii ki, həmin futbolçular da ayrı-ayrı klubları təmsil edirlər: “Ağsu”, “Turan Tovuz”, “Səbail”, “Keşlə” və s. Amma maraqlıdır ki, AFFA burda ikili oyun oynayır.  Özünün diqqətində tutduğu adları açıqlayır, onları futboldan kənarlaşdırır və bununla da sanki ictimaiyyətə göstərmək istəyir ki, görürsünüz, gecə-gündüz çalışırıq ki, Azərbaycan futbolu şəffaf olsun, alverçilərdən yaxa qurtarsın. Halbuki əslində ictimaiyyəti aldatmaqla məşğuldular. Çünki hər şey üstüörtülüdür. Kimlərisə qovurlar ki, oyun satıb yaxud oyunu qumara qoyub. Amma kimə satıb, kiminlə oyununu qumara qoyub, bunlar açıqlanmır. Ağıl var, məntiq var. Futbolçu özü özünə oyun sata bilməz. Satan varsa, deməli alan da var. Alanlar niyə açıqlanmır? Klubların adları və hansı oyunların qumara qoyulduğu niyə gizli saxlanılır?

 

AFFA həm də UEFA və FİFA-nı aldadır. Öz olmayan nüfuzunu guya ki, qorumaq istəyir. FİFA-nın əsasnaməsinə görə, əgər bir çempionatda minimu 3 klubun adı şübhəli oyunlarda hallanırsa və bu sübut olunursa, o zaman həmin komandalar çempionatdan kənarlaşdırılır və çempionat da yarımçıq saxlanılır. Çünki bu, artıq çempionat yox, bazardı. Məhz buna görə də AFFA nə “Ağsu”nu, nə də “Turan Tovuz”u çempionatdan çıxarmır. Təsəvvür eliyin, "Ağsu"nun 14 üzvü oyun alqı-satqısına görə futboldan qovulur, amma onların forma geyindiyi klub çempionatda saxlanılır. Halbuki FİFA-nın digər əsasnaməsinə görə bir klubun adı 3-dən artıq şübhəli oyunda çəkilirsə o komanda çempionatdan kənarlaşdırılmalıdır. "Ağsu"nun iştirak etdiyi bu cür "oyunlar"ın sayı isə bəlkə də 10-u keçib. Eləcə də eyni sözləri 8 futbolçusu ağır cəza alan “Turan Tovuz”a aid etmək olar. AFFA özünün maliyyələşdirdiyi klubun əməllərinə də göz yumur. Bunun da öz səbəbi var. Az öncə qeyd etdiyimiz kimi. FİFA-nın əsasnaməsinə görə, 3 klubun adı şübhəli oyunlarda hallanırsa həmin klublarqv eyri-şərtsiz çempionatdan kənarlaşdırılır və çempionat da yarımçıq saxlanılır. AFFA bunu edə bilər. Amma etsə ən ağır zərbə özünə dəyəcək. Çünki FİFA-nın əsasnaməsindəki digər bəndə görə,  əgər yuxarıda sadaladığımız hal baş verərsə, o zaman yerli futbol federasiyası da ağır maliyyə sanksiyasına məruz qalır. Təbii ki AFFA adının bu formada FİFA-da biabır olunmasını istəmir. Ona görə də futbolçuları qurban verə-verə öz aləmində vəziyyətdən çıxır.