
Krakovda xal ovu
- 02:45
- 49
Krakov çox gözəl şəhərdi. Bu qədər xoşuma gələcəyini düşünməzdim. Təmiz, yaşıllıqla dolu, rahat, tarixi məkanları bol, öz həyatı olan, əsl yaşanılası bir yerdi. Qismət belə gətirib ki, Ukrayna ilə səfər matçımız bu şəhərə düşüb və bu səbəbdən də burada qonağıq. Polşa şəhəri olmasına baxmayaraq, elə hərfi mənada da ukraynalıların qonağıyıq, çünki sayları həddindən artıq çoxdu, hər yerdə qarşımıza çıxırlar. Savaş onları buralara qədər gətirib. Qərib həyatı sürürlər. Deyim ki, asan deyil. Canlarını güllədən qurtarıb, burda da bir qarın yeməyə ehtiyac olanlarına da rast gəldik. Baiskarların evləri yıxılsın.
Artıq bu gün millimiz qərib Ukrayna yığması ilə üz-üzə gələcək. Rebrov yorğanı özünə tərəf çəksə də, xal(lar) hər iki tərəfə lazımdı. Onları iddiaları buna məcbur edir, bizi isə inamımız. Onlar istedad və güclərinə, biz isə istək və əzmimizə arxalanırıq. Çox maraqlı döyüş olacaq. Matç yox, əməlli-başlı döyüş. Ab-hava belədi.
Oyunöncəsi mətbuat konfransında Ayxan Abbasov da, Elvin Cəfərquliyev də nəticə qazanmaq istəklərini dilə gətirdilər, buna inamlarını da ifadə etdilər. Bu, çox yaxşıdı. Təkrarçılıq olacaq, amma yenə də deyim: hamımız durumdan xəbərdarıq. Hamımız bilirik ki, Ukrayna futbolu bizdən dəfələrlə yuxarı səviyyədədi. Bilirik, heyətlərində elə futbolçular var ki, birini satsan, bütün yığmalarımıza dəyər. Və s. və ilaxır. Bunu bilirik. Amma buna görə meydana məğlub olmağa çıxmaq olmaz. Belə olacaqdısa, ümumiyyətlə yığmanı bir yerə toplamağa, seçmə mərhələyə, beynəlxalq matçlara çıxarmağa dəyməzdi. Gəlmişiksə, çıxmışıqsa, oynamalıyıq. Bizim üçün hazırda nəticə qazanmağın yeganə yolu isə komanda oyunudu. Ruh var, qalır onu tabloda rəqəmlərə çevirmək.
Mənəvi tərəf öz yerində, işin futbol tərəfinə də toxunmalıyıq. 5-4-1 düzülüşü olacaq yenə də. Yenə də müdafiəyə diqqət yetirəcək, arxada etibarlı olmağa çalışacağıq. Fransa ilə matçdan fərqli olaraq isə cinahlarda daha fəal olacağımız, oyunun gedişində düzülüşü 3-6-1-ə və 3-4-3-ə çevirəcəyimiz gözləniləndi. Sudakov və Zinçenkonun yoxluğu daha rahat davranmağımıza imkan verəcək. Orta xətdə daha ağıllı oynaya bilsək, ukraynalıları yenə də büdrədə bilərik.
Qapıda Şahruddin, müdafiənin mərkəzində Krivostyuk-Bədəlov-Mustafazadə, solda Cəfərquliyev oynaya bilər. Sağda Abbas Hüseynov start heyətində görünə bilər. Ortada məşqçi yenə Xaybullayev-Mahmudov cütlüyünə güvənəcək. Cinahlarda solda Əhmədzadə oynayacaq. Qalır sağ yarımmüdafiəçisi və mərkəz hücumçusu. Bu dəfə cinahda Toralı Nəriman, öndə isə ağrıları olan və oynamayacağı dəqiqləşən Renatı Musa əvəzləyə bilər. Qurbanlı müdafiədən çıxan topları saxlamaq, komandanın mövqe hücumu qurmağına imkan yaratmaq baxımından çox yaxşı variantdı. Bu işin öhdəsindən Axundzadə də gələ bilər. Bu halda cinahda yenə Toralı görə bilərik, çünki Mahir formada deyil və Bayramov qədər xeyir gətirə bilməyəcək.
Artıq 3-cü rəsmi matçı olsa da, Ayxan Abbasovun işinə məhz bu qarşılaşmada tam qiymət verə biləcəyik. İlk Ukrayna oyununda komanda ilə məşq keçmədən, ancaq motivasiya ilə nələrsə etməyə çalışmışdı. Fransa səfəri də aydındı, orda xüsusi bir plan, alternativ variant yox idi, hamı nə edəcəkdisə, onu da etdi. Bugünkü matç məşqçinin nələri etmək istədiyini, buna necə nail olmaq fikrində olmasına şahidlik edəcəyik. Onun üçün tsiklin ən vacib oyunudu. Nəticəsindən asılı olmayaraq.
Ona görə "nəticəsindən asılı olmayaraq" dedim ki, bir "durnoy" qolla əldə edəcəyimiz xal və ya xallar bizi yanıltmayacaq, yanıltmamalıdı. Yuxarıda da qeyd etdim: bizim bu günümüz bəllidi. Bu günümüzü bilib, qəbul edib, bu günümüzdən işıqlı sabahımıza doğru addımlamağa çalışmalıyıq.
Uzun illərdi dayanan, gündə yalnız 2 dəfə düz göstərən divar saatının kəfkirini hərəkətə gətirmək kimi. Düz toxunaq, başlasın öz rəqsini etməyə. İlk səhvindəcə "basıb gözünü çıxartmayaq". Əvvəlcə gündə 3, sonra 4, sonra 5, sonra daha çox dəfə düz göstərəcək. Onda bizim zamanımız gələcək. Səbrli olaq. Bir az da səbrli.
Hə, o da ayrı məsələ ki, iştah diş altındadı. Krakovdakı xal ovumuza nəsə düşsə, qanın iyini hiss edən qurda çevrilə, island balığına da meyl sala bilərik. Möcüzəyə yaxın ssenaridi. Amma həyata keçsə...
Yazar haqqında
