AFFA-nın təşəbbüsü ilə yaradılan daha bir klub ağır durumdadır.

Rekord.az xəbər verir ki, ötən ilin payızında fəaliyyətə başlayan «İsmayıllı»FK çətin vəziyyətlə üzləşib.

Region Liqasının mərkəz zonasında ikinci mövsümünü keçirən komandada maliyyə problemi yaşanır. Bu barədə baş məşqçi Tərlan Vahidov sosial şəbəkə hesabında paylaşım edib.

O, rayon sakinlərindən, iş adamları və sahibkarlardan dəstək istəyib:

"Mən "İsmayıllı" Futbol Klubunun baş məşqçisi olaraq, bütün İsmayıllı sahibkarlarından, idarə, müəsisə və özəl sektordan maliyyə köməkliyi istəyirəm. Bu klub birdəfəlik Azərbaycan çempionatında, Premyer Liqada fəaliyyət göstərməlidir. O gün uzaqda deyil. Körpənin ayağa qalxması üçün azca maliyyə dəstəyi lazımdır. Hazırda "İsmayıllı"nın iki dəst forması bir həftədir ki, AFFA-nın anbarında qalıb. Niyə? Ona görə ki, formanı gedib götürsək, arxasına nömrə yazdırmaq lazım gələcək. Hansı pulla? 500-600 manat pul lazımdır. Heç kim komandaya yaxın durmaq istəmir. Niyə? Məgər "İsmayıllı" FK İsmayıllı rayonunun adı ilə oynamır? İsmayıllıda imkanı olan şəxslər yoxdur? Mən baş məşqçi olaraq komandanı ismayıllılardan formlaşdırmaq istəyirəm. Komandanı bir ildən sonra I Divizonda, sonra isə Premyer Liqada görmək istəyirəm. Bu, İsmayıllı şəhidləri Aqil Mirzəliyev, Qədim Xəlilov kimi vaxtilə "İsmayıllı"nın şərəfini qorumuş insanların komandasıdır".