“Təhlükəli zonadan çıxmalı idik”
- 20:45
- 30
“Qəbələ” bu gün Misli Premyer Liqasının 18-ci turunda “İmişli”ni qəbul edib.
Rekord.az xəbər verir ki, 3:2 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın məşqçisi George Çixradzenin oyundan sonra mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis maraqlı bir oyun olduğunu bildirib:
“Maraqlı bir oyun oldu. Dinamik qarşılaşma keçdi. “Şamaxı” ilə matçdan sonra bu oyuna yaxşı hazırlaşmışdıq. Təhlükəli zonadan çıxmalı idik. Gərgin oyun keçdi. Qarşılıqlı qollar oldu. Futbolçularıma təşəkkür edirəm, azarkeşlərə təşəkkür edirəm. Komandamız meydanda sona kimi döyüşdü və qələbəni qazandıq. Bizə xallar lazım idi.
Domi Massumo bu gün çox vacib qollar vurdu. Komanda yoldaşları da ona fərqlənməkdə şərait yaratdı. Ona da çox təşəkkür edirəm. Amma mən burda daha çox komanda amilini qabartmaq istəyirəm.
Biz hər növbəti oyunu düşünürük. Bəli, qrafikimiz sıxdır. Bu oyunu unudub “Sabah”la matça hazırlaşacağıq. Bizim üçün fərq eləmir, çempionat və ya kubok oyunu. Komandaya yeni oyunçular qoşulub, onlar da artıq uyğunlaşırlar.
Kaxaber Sxadedze ilə uzun müddətdir bir işləyirik. Onunla bir-birimizi demək olar ki, sözsüz başa düşürük.
Heyət məsələsinə gəlincə, komanda təhlükəli zonada idi. Ona görə də komanda güclənməli idi. Yeni oyunçular transfer olunub, komandaya uyğunlaşırlar.
Bizim üçün vacibi odur ki, qalib gələk, xallar qazanaq. Həmçinin, qonşuluğumuzda olan klubları da izləyirik. Amma ən vacibi qələbələr və xallar qazanmaqdır”.