Ölkə çempionatının ilk dövrəsi arxada qaldı.

Rekord.az xəbər verir ki, cari mövsümün azarkeşlər üçün maraqlı keçdiyini demək olar. 7 oyundan sonra turnir cədvəlinə "Sumqayıt" başçılıq edir.

Ümumilikdə komandaların qeyri-sabit çıxışı, son illərin çempionu "Qarabağ"ın müntəzəm xal itirməsi turnir cədvəlinin hazırkı vəziyyətini formalaşdırıb.

Çempionatla bağlı bəzi suallara cavab tapmaq üçün "Səbail"in son oyunlarda inamlı təsir bağışlayan gənc futbolçusu Bahadur Həziyevlə əlaqə saxladıq (Futbol+).

Düzdür, “dənizçilər”in turnir vəziyyəti heç də yaxşı deyil. Onlar cəmi 5 xal toplamaqla "Qəbələ" ilə 7-8-ci yerləri bölüşür: "Komandada hər şey yaxşıdı. Son oyunlarda bərabərlik əldə etdik.

Oyunların hamısı çətindi, zəif komanda yoxdu. Bizdə isə vəziyyət əladı. Yaxşı kollektivimiz var, hər kəs mehribandı. Oyunlara yaxşı hazırlaşıb, nəticə əldə etmək istəyirik.

Hədəfimiz maksimum çox xal toplamaqdı. Turnir cədvəlində nə qədər yüksək pilləyə qalxsaq, o qədər yaxşıdı. Məqsədimiz, sadəcə, budu. Qarşımızda xüsusi bir hədəf yoxdu. Çox xal toplamamışıq, hələ çempionatın əvvəlidi. Premyer-liqanın əsas hissəsi qabaqdadı".

Gənc hücumçu çempionatın səviyyəsindən razı olduğunu bildirdi: "Çempionatda 8 komandanın olması hər şey demək deyil. Şükür ki, torpaqlarımız alınır.

İşğaldan azad olunmuş rayonların da klubları yaradılacaq. İnanıram ki, orda indiki klublardan da yaxşıları yaradılacaq. O zaman komandaların da sayı artacaq. Çempionatın hazırkı səviyyəsi haqda isə pis deyə bilmərəm. Normaldı, çətin oyunlar olur".

Həziyevin dediyinə görə, cəbhədəki vəziyyət hər kəs kimi "Səbail"in üzvlərinə də təsir edir: "Bizim fikrimiz elə ordadı. Döyüşlər başlayandan futbol arxa plana keçib.

Düşüncəmiz ön cəbhədə - qardaşlarımızın yanındadı. Allah şəhidlərimizə də rəhmət eləsin. Biz də hər vəziyyətə hazırıq. Elə fikrimiz telefonda olur ki, xoş xəbərlər gələr.

Dualarımız əsgərlərimizlədir. Mən də cəbhəyə getməyə həmişə hazıram. Hər gün məşqə başlamazdan əvvəl cəbhədəki döyüşlər, həmin günə aid xəbərlər ilə bağlı danışırıq.

Komandadakı legionerlərə də döyüşlər, Qarabağ haqda deyirik ki, xəbərləri olsun, Azərbaycan haqda danışırıq onlara. Bəzən özləri soruşurlar bu barədə.

Baş məşqçimiz Aftandil Hacıyev də həmişə bizə bu haqda danışır, motivasiya verir. Fikrimizin orda olduğunu, hazırkı vəziyyətin əhəmiyyətini bildirir. Daim prezidentdən şad xəbərlər gözləyirik".