Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Zirə"yə məğlub olan "Sumqayıt"da işlər qaydasında deyil. "Rekord.az" xəbər verir ki, dünən rəqibinə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran "kimyaçılar", 3 aydır davam edən qələbəsizlik seriyasını dayandıra bilmir. Bu durum klub rəhbərliyinin də səbr kasasını daşırıb.


Belə ki, dünənki matçdan sonra paltardəyişmə otağına gələn klub prezidenti Riad Rəfiyev komandanı ciddi tənbeh edib. Əldə etdiyimiz məlumata görə, o, emosional danışıb, hətta təhqirə keçərək oyunçuları işə məsuliyyətsiz yanaşmaqda, kluba, azarkeşlərə, camiəyə hörmətsizlik etməkdə ittiham edib. Rəfiyev futbolçuların heç bir maddi problemi yaşamadıqları, məşq və yaşayış şəraitləri baxımından ən yaxşı imkanlara malik olduqlarını xatırladıb, bunun müqabilində ortaya qoyulan performansın bərbad olduğunu deyib.


Prezident qələbə bir yana qalsın, matçda rəqib qapısına zərbə endirə bilinməməsinin, hətta meydanın mərkəzini keçməkdə çətinlik çəkilməsinin qəbuledilməz olduğunu bildirib. Onun ağır ifadələr işlətdiyi, söyüşə keçdiyi nitqi bir neçə dəqiqə çəkib.