Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Barselona”ya 0:2 hesabı ilə məğlub olan “Yuventus”un baş məşqçisi Andrea Pirlo açıqlama verib.

Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis, istənilən nəticə üçün vaxt lazım olduğunu bildirib:

“Yaxşı futbol oynayan, bu səviyyədə qalmağa vərdiş edən komandaya qarşı oyunun çətin olacağını bilirdik. Heyət baxımından çox seçimim yoxdur.

Əlimdə olan futbolçuların həftədə iki dəfə 90 dəqiqə oynaması lazımdır. Gənc və təcrübəsiz futbolçularla bu, daha çətin olur. Ümid edirəm ki, futbolçularımız ən qısa zamanda geri dönər.

Təkbətək vəziyyətlər yaratmaq, rəqibin müdafiəsini dağıtmaq və sürətli olmağı planlaşdırırdıq, amma bunu reallaşdıra bilmədik.

İndi heyətimizin böyük hissəsi gənclərdir. Onları istənilən səviyyəyə çatdırmaq üçün vaxt lazım olacaq. “Barselona”nın səviyyəsinə çatana qədər çalışmalıyıq”.