"Neftçi"nin tarixinə düşən penalti
- 13:00
- 33
"Neftçi" Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turunun "Qəbələ" ilə səfər matçına (3:1) təsadüf edib.
Emin Mahmudov komandasının ikinci qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb.
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan "ağ-qaralar" 34 mövsümdə vurduğu 150 penaltidən 120-ni qola çevirib. Paytaxt təmsilçisinin dəqiqlik faizi 80-ə bərabərdir.
"Neftçi" turnirin tarixi ərzində vurulan penalti sayında yalnız "Qarabağ"dan geri qalır. Hər iki komanda 1992-ci ildən Premyer Liqanın (əvvəl güclülər dəstəsi) daimi iştirakçılarıdır.
Qeyd edək ki, "Neftçi" ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.