Yenə derbi, yenə "Qarabağ"ın böyük qələbəsi
- 21:00
- 52
101-ci Azərbaycan derbisinə böyük, təbii maraq vardı. Bu da öz əksini tribunaların dolmasında tapmışdı. Bir tərəfdə 9, digər tərəfdə 12 qat Azərbaycan çempionu dayanıbsa, durumun, ab-havanın belə olmasında təəccüblü heç nə yoxdur.
Komandalar meydana optimala yaxın heyətlə çıxmışdılar. "Neftçi" son dövrlərdəki sistemə sadiq qalmış, 4-6-0-ı davam etdirmək qərarına gəlmişdi. Dəyişən bəzi ifaçılar idi. Müdafiənin sağında Sakonu Ştoqrin əvəzləmişdisə, onun Ortizin yer alması da gözlənilməz idi.
Ağdamlılarda da eyni durum vardı: sistem qalır, ifaçıların bəziləri isə mövqe dəyişir. Düran və Borges ehtiyatda saxlanılmış, hücumun mərkəzində Qurbanlı, solda Zubir, sağda Andrade yer almış, Silva müdafənin mərkəzindəki yerini Bədaviyə verərək, özü cinahdakı ənənəvi mövqeyinə çəkilmişdi. Bu, daha klassik, daha sabit "Qarabağ"ı izləyəcəyimizi proqnozlaşdırmaq imkanı verirdi. Belə də oldu.
Gözlənildiyi kimi, "Neftçi" oyuna istəkli, əla başladı. Meydan sahibləri ciddi pressinq edir, bütün xəttboyu gələrək rəqibə çıxmaq imkanı vermirdilər. İlk dəqiqələrdə 3 epizodun əldə edilməsi də bunun məntiqi nəticəsi idi.
Ancaq bu cür basqılı oyunun mənfi tərəfi də olur ki, bu da komandanın irəli gedərək arxada boşluqlar verməsidir. Onsuz da etibarlı olmayan, hətta deyərdim aşağı səviyyədə olan müdafiənin bu zəifliyini hücum oyunu və şanslardan maksimum yararlanmaqla sığortalamaq olar.
Vurmayana isə vurarlar. Bunaqədərki "Araz" və "Zirə" matçlarında rəqib bu məqamlarda qeyri-dəqiq olmuşdu. Ancaq son çempion bağışlamadı.
"Qarabağ" elə ilk əks-hücumundaca fərqləndi. Qonaqlar bakılıların cinahındakı boşluqdan məharətlə yararlandılar. Zubir-Montiel-Qurbanlı kombinasiyası ani, yüksək səviyyəli və effektiv alındı. Musa doğru anda doğru yerdə olmaqla hesabı açdı - 0:1.
Bundan sonra hissənin sonuna qədər Qurban Qurbanovun yetirmələrinin üstün oyununa şahidlik etdik. Elvin Bədəlovun rəqib müdafiəçilərin anlıq "yatması"ndan istifadə edərək vurduğu qol ümumi gedişatdan kənara çıxan bir məqam idi. Bunun ardınca yenə çoxgedişli kombinasiyanın sonunda yenə müdafiədəki boşluqdan Musa yararlandı və dublunu rəsmiləşdirdi. Montielin çox dəqiq və klass bir zərbə ilə hesab arasındakı fərqi 2-yə çatdırmasından sonra hər şey aydın oldu. Oyun da, ümumi performanslar da "Neftçi"nin bu vəziyyətdən geridönüş edəcəyinə inamı minimuma endirdi.
Fasilədən sonra ağ-qaralar bəzi dəyişikliklər və fəallığı artırmaqla durumu dəyişməyə çalışsalar da, heç nə alınmadı. "Qarabağ" prosesi təmkinli və doğru idarə etdi, oyuna nəzarəti, onun ipini rəqibə vermədi, əsl çempion duruşu nümayiş etdirdi. Leandro Andrade müdafiədəki daha bir səhvi bağışlamayaraq, Addainin isə son saniyələrdəki fərdi keçidiylə vurduğu qolları komandarının qələbəsindəki son nöqtə oldu.
"Qarabağ" yenə derbidə qələbə qazandı və 4 ildir davam edən bu seriyanın müddətini azı 4 günlükmdə uzatmağa nail oldu. Meydanda illərdir öyrəşdiyimiz, rəqiblərini əzici üstünlüklə yenən köhlən atları gördük. Sanki həmin komanda geri qayıtmışdı. İfalarındakı gözəl futbol isə sanki heç bir yerə getməyib.
Ümumilikdə derbi gözəl alındı. Çoxlu qollar, düşməyən temp, əla azarkeş dəstəyi əsl Avropa futbolu, Avropa matçı izləməyimizə imkan verdi. Premyer Liqa belə atmosfer, belə qarşılaşmalarla gözəldir. Çox olsun, bol olsun.
P.S. Hakimlik ideal səviyyədə idi. Gənc və perspektivli FİFA hakimi Tural Qurbanov oyunu əla idarə etdi. Artıq və yersiz fitləri eşitmədik, qərarlarda heç bir şübhə oyanmadı. VAR-a da ən qısa müddətdə baxılaraq tempin ölməsinə imkan verilmədi, sürət düşmədi, azarkeşlər ancaq futbola kökləndilər. Deməli, istəyəndə olurmuş.
Misli Premyer Liqası
29-cu tur
26 aprel
“Neftçi” – “Qarabağ” 1:5
Qollar: Elvin Bədəlov, 20 - Musa Qurbanlı, 9; 32. Xoni Montiel, 38. Leandro Andrade, 68. Emmanuel Addai, 90+3.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov.
“Palms Sports Arena”, 19:00.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 70. Andrey Ştoqrin, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 9. Bassala Sambu, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Vitali Vernidub.
Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 17. Kamilo Duran, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.