28-ci tura baxış
- 11:24
- 34
Premyer Liqada 28-ci tur geridə qaldı. Öyrəndik ki...
- çox ağır həftəsonu oldu. Azərbaycan futbol hakimliyi ofsayda düşdü. Oradan çıxması da çox çətin görünür. Veril(məy)ən məlum qərar o qədər anormal idi ki, müzakirəlik heç nə qalmadı. Ortada ciddi problem var, həll olunmalıdır.
- yeni çempionumuz da mübarəkdir. Qarşıdakı günlərdə dünya tərsinə dönməzsə, "Sabah" qızıl medalçı olacaq. Haqq etdikləri, layiq olduqları nəticədir. Mövsümboyu sabit çıxış, minimum büdrəmə, üstəlik, yaxşı baxımlı oyun və əla məşqçi işi öz effektini verdi. Bizə Masazır təmsilçisini ancaq alqışlamaq və Avropada uğurlar arzulamaq qalır. Ora çox vacibdir, çünki yerli azarkeş öncə xaricə, sonra daxilə baxır. Buradakı nailiyyət orada davam etdirilməlidir.
- "Qarabağ" isə komfort zonasından həm özü çıxmalı, həm də bizi çıxarmalıdır. Ardıcıl və rahat çempionluqlar, ardınca gələn avrokubok uğurları sanki "bu həmişə belə olacaq" fikrini formalaşdırmış, reallığa çevrilmiş kimi qəbul etdirmişdi. Ancaq o dövr artıq arxada qalır. Komanda yenilənməli və güclənməlidir. Yoxsa gələn il "Sabah"a, "Neftçi" və "Turan" qoşulanda çempionluq yarışında mübarizə həmişəkindən dəfələrlə gərgin olacaq və bu rəqabətə builki düşüncə və səhvlərlə dözmək mümkün olmayacaq.
- "Turan" demişkən. Tovuz camiəsini də uzun illər sonra Avropa səhnəsinə qayıdışı münasibətilə təbrik etmək olar. Hətta iş elə gətirib ki, "bozqurdlar" ora turnir cədvəlinin 2-ci pilləsində belə yollana bilərlər. Kurban Berdıyevin yetirmələri "Araz" üzərindəki qələbə ilə ardıcıl xal itkiləri edən "Qarabağ"la fərqi minimuma endiriblər (ağdamlıların "Neftçi"ylə 1 oyun ehtiyatı var) və bu, iddia deməkdir. "Turan" sakitcə işini görür, xallar qazanır, aramla, ancaq dayanmadan hədəfə doğru irəliləyir. Son turları izləyənlər isə bilirlər ki, hazırda çox komanda, həmçinin də "Qarabağ" formada deyil və hər cür ssenari yaşana bilər. İzləmək maraqlı olacaq.
- Elitada qalma mübarizəsi də qızışıb. Xüsusilə "Kəpəz"in hazırda lazımi qələbələri qazanıb, rahat gələn mövsüm planlarını cızmağa başlamaq əvəzinə özünü çətinə salıb. Hər cür iddia var: Azər Bağırov gedir, futbolçular bilərəkdən oynamırlar, kimlərsə kənarda kluba da, birbaşa komandaya təsir edirlər və s. Bunları çox müzakirə etmək istəmirəm, çünki əhəmiyyəti yoxdur. Hansısa yolunu tapıb minimum nəticə qazanılmalıdır. Məşqçi gedəcəksə indidən göndərilməlidir, oyunçular oynamırsa indidən klubdan rədd edilməlidir, kənardan müdaxilə varsa indidən tədbir görülməli, ciddi addımlar atılmalıdır. Səhv etməyə şans qalmayıb. Ya indi Premyer Liqada nəsə ediləcək, ya da gələn mövsüm qəttəzə stadionda I Liqada. Hər şey bu qədər sadədir.
- Yevlaxda "Karvan" - "Şamaxı" matçından sonra mətbuat konfransı zalında cəmi 2 stul olub, onda da baş məşqçi və mətbuat katibi oturub. Media ayaq üstə qalıb, konfrans faktiki brifinqə çevrilib. Analoqu olmayan biabırçılıqdır. Bu klub elə başlanğıcdan ayaqüstü olduğunu və güc-bəla ilə normaya, abıra salmağa çalışdığımız Premyer Liqada olmağa layiq olmadığını göstərirdi, növbəti dəfə də sübut olundu. AFFA-nın ötən il qəbul etdiyi ən doğru qərar məhz klub sayının artırılması idi. Ki, istəyirsiz, buyurun. Görün, aşağıdakı klublar hansılardır, necədir. İndi oğul istəyirəm deyə ki, klub sayını 14-ə, ya 16-ya çatdır.
- Bu sezon ev oyunlarını Naxçıvandan başqa az qala bütün stadionlarımızda keçirən bir komanda da var. Mən onlara "Mərdəkan təmsilçisi" deyəndə inciyirlər. Bu yekəlikdə ölkədə özlərinə sabit yer tapmayan komanda (klub demirəm, çünki belə klub olmur) hansı məntiqlə var, niyə var, bilmirəm. Bəlkə siz biləsiz.
- Yenə yağış yağır.
- Tramp da bu işi birdəfəlik həll eləmir ki, camaat rahat nəfəs alsın. Ay Donald müəllim, bağla da bu söhbəti. Maraqlı deyil e artıq. Ləzzət eləmir.