İlk üç klubumuz oyunlarını başa vurduqdan sonra diqqətlər “Neftçi”nin üzərində cəmləşdi. Yenilənmiş “Neftçi”nin uzaq Bosniya və Herseqovinada necə görünəcəyini hamı maraqla gözləyirdi. Ölkənin ən qocaman klubunun məşqçilər korpusu dəyişib. Bir rumın gedib, onu digəri əvəzləyib. Klubun rəhbərliyində də ciddi dəyişikliklər baş verib. Müşahidə Şurasının rəhbəri Rövşən Nəcəf indi “Neftçi”ylə daha yaxından maraqlanmağa çalışır, özünü klubun idarəçisi obrazından ictimiyyətə göstərib. Nəcəf “Neftçi”də baş məşqçiylə yanaşı prezidenti də dəyişib. Artıq Kamran Quliyev klubda söz sahibi deyil, onun səlahiyyətləri baş icraçı direktor statusuyla Fərrux Mahmudova həvalə edilib. 


Bura qədər hər şey yaxşıdır, müsbət dəyişikliklər siqnalıdır. Amma ən vacibi  komandanın oyununda dəyişikliyin olub-olmamasıdır. Meydandan kənarda görülən bütün işlərin nəticəsi meydanda sərgilənən oyunda, qazanılan nəticədə özünü göstərir. Dünən axşamkı qarşılaşma həm də yeni rəhbərliklə yeni baş məşqçinin ilk ciddi sınağı idi. “Neftçi” “Jelezniçar”a qalib gələ bilmədi. Eyni zamanda uduzmadı da. Gürcü Kaxaber Tsxadadzenin təbirincə desək, “Neftçi” rəqibini üstələyə bilməsə də, rəqibi də onu üstələyə bilməyib. Bu baxımdan nəticə “Neftçi” üçün heç də pis sayılmamalıdır. Bakıda bu rəqibin kürəyini yerə vurmaq “ağ-qaralar” üçün çətin olmamalıdır.


Hardandır məndə bu əminlik? Bu əminliyi məndə dünən gecənin gec saatlarında izlədiyimiz “Jelezniçar”ın aciz görüntüsü yaradıb. Əminliklə demək olar ki, Bosniya və Herseqovina təmsilçisi bu mövsüm avrokuboklarda klublarımızın qarşısına çıxan dörd komandadan ən zəifidir. “Neftçi”nin rəqibi nə düz-əməlli hücum qura bilirdi, nə də səliqəylə müdafiə olunmağı bacarırdı. Rəqibin vurduğu ilk qol yersiz start həyəcanının hədsiz uzanmasının nəticəsi idisə, ikinci “Neftçi”nin müdafiəsindəki dağınıqlığın “mükafatı” oldu. Ozobiçin şəxsi keyfiyyətləri hesabına yaratdığı epizodun nəticəsində hesabı bərabərləşdirən “ağ-qaralar” bir ayağıyla paltardəyişmə otağına yollanmağa tələsdiyindən qapısında ikinci qolu gördü.
Ən vacib məqamda isə səhnəyə yenə özümüzkülər, “Neftçi”nin köhnələri çıxdı və Azərbaycanın ən qocaman klubunu biabırçılıqdan xilas etdi. Bu səviyyədə rəqibə uduzmaq həm Mutu, həm də “Neftçi” üçün biabırçılıqdan başqa cür adlandırıla bilməzdi. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə kapitan Emin Mahmudov künc zərbəsindən topu qapı qarşısına havalndırdı. “Jelezniçar”ın kontuziyalı qapıçısı Edis Mulaliç “mərmi”ni “çərçivə”dən inamsız uzaqlaşdırdı. Belədə onun hədiyyəsini qəbul edən fürsətcil və istedadlı Rəhman Hacıyev hesabı bərabərləşdirdi. 


Nə bərbad oyuna, nə də nəticəyə görə Mutunu asıb-kəsməyə həvəsli deyiləm. Adam komandayla düz-əməlli hazırlıq keçməyib, heç əlinin altındakı materialla tam tanış da deyil. “Neftçi” yenilənmə prosesini o qədər naşıcasına və ləng aparıb ki, avrokuboklara hazırlaşmaq, transferləri zamanında yekunlaşdırmaq mümkün olmayıb.

 

“Jelezniçar” səddi aşılsa da, “Beşiktaş”la görüşlərin çox çətin keçəcəyi şübhəsizdir. Heç yerli çempionatda da işlər asan olmayacaq. Şəxsən mənə “Neftçi”nin yeniləri ümid vermədi. Kaş ki, zaman əksini isbatlasın.