Azərbaycanın Elit/U-23 və gənclərdən ibarət velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına start veriblər.

Rekord.az xəbər verir ki, baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Qasımovun rəhbərliyi altında keçirilən hazırlıq prosesi 12 gün davam edəcək.

Toplanışın əsas məqsədi velosipedçilərin fiziki və funksional hazırlığının artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıqdır.

Elit/U-23 milli komandaları avqustun 27-30-da Türkiyənin Samsun şəhərində keçiriləcək "Tour of Samsun" (2.2) və sentyabrın 3-6-da baş tutacaq "Tour of Istanbul" (2.1) yarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, Gədəbəydəki hazırlıq prosesi oktyabrda Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq baxımından da mühüm əhəmiyyət daşıyır.