Mətbuata təsadüfən gəlmişəm. İxtisasca tərcüməçiyəm və heç vaxt jurnalist olmaq istəməmişəm. Tələbəlik illərimin sonunda bloq açıb başladım fikirlərimi, qısa hekayə və şeirlərimi orda dərc eləməyə. Bir də ayıldım ki, məni “gənc yazar” kimi tədbirlərə dəvət edirlər, yazılarımı dərc edirlər... Sonra mətbuatdan “daha real olan” bir iş təklifini qəbul elədim. Əlbəttə, ixtisasım üzrə çalışmaq arzum ürəyimdə qaldı, amma zamanla yeni peşəmi sevməyə başladım.


Nə ədəbiyyatla, nə mətbuatla, nə də incəsənətlə heç bir əlaqəsi olmayan və “bu sənətə təsadüfən gələn” təlxəklər, “Tiktoker” və “instasamka” da blogger olublar indi... Yerindən duran deyir “bloggerəm”. Bilmirəm, hansına yaxşı təsadüf deyək, hansına pis...


Amma gərək, sevdiyin işlə məşğul olasan... Yaxud, üzərinə düşən işi sevərək görəsən! Futboldan danışacaqdıq axı! İş adamı Ehtiram Quliyev futbola təsadüfən gəlib. Bunu pis mənada demirəm, sadəcə, futbol adamı deyildi... O, öz rayonunun futbol klubuna dəstək vermək üçün, diqqətini bir qədər biznesdən ayıraraq futbola yönəldib. Və bəlkə də, futbolumuzun başına gələn ən yaxşı təsadüflərdən biri saymaq olar.


Adam “Turan”a gəldiyindən bəri, əlindən gələni yox, gəlməyəni etməyə çalışıb.


Qollarını çırmalayıb, “Turan Tovuz”u digər region klubları kimi “autsayder” statusundan çıxardı, stadiona yeni “ruh” gətirdi... Ən əsası, Tovuzdakı futbol sevgisini yenidən dirçəltdi... 


Bu, xoş təsadüflərdəndir, amma bəd təsadüflər də olur, necə ki, bu yaxınlarda “təsadüfən” tovuzlu azarkeşlər pərt oldular. Həm də “bədtəsadüf” adamların üzündən.


İllərdir “futbolun inkişafı” adıyla havaya sovrulan pullar, futboldan anlayışı olmayan təsadüfi adamların komitələrə, idarə heyətlərinə toplanması, yeyintilər, səriştəsiz idaretmə... Azərbaycan futbolunun da, futbol azarkeşlərinin də lənəti oldu. 


AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov da bu təsadüflər burulğanında FİFA-ya qədər gedib çıxıb. Ordan dünya və Azərbaycan futbolu üçün nə edir, bilmirəm... Bu, ayrı bir araşdırma mövzusudur.


Amma AFFA-da elədikləri göz qabağındadır... burada Qəribi ağlamaq tutur. Görəsən, Elxan müəllimin də futbola və AFFA-ya gəlişi təsadüfən olub? O ki, Londonda biznes idarəetməsi oxumuşdu. Niyə futbol yolunu seçdi və onu FİFA-ya dəvət edənlər, nəyə baxaraq belə qərar verdilər... Təsadüfün beləsi də olmaz!


İllərlə müxtəlif klubların – “Bakı”nın, “Xəzər Lənkəran”ın, sonra da “Turan”ın başına açılan oyunlar, həm ovaxtkı AFFA rəhbərliyinin, həm də klub prezidentinin buraxdığı səhvlər... Bir çox “Turan” azarkeşinə stress, əsəb, həyəcan yaşatdı.


O “təsadüfi” şəxslər ucbatından, bu günAzərbaycanda normal stadionlar barmaqla sayılacaq qədərdir, klublarımızın çoxu BOS-un meydançalarında məşq edirlər...


Azərbaycan futbolunun nə vəziyyətdə olduğu son yoldaşlıq görüşlərində açıq-aydın göründü... yığmamız bu gün San-Marino ilə oynamaqda belə əziyyət çəkir.


Bu “təsadüf”lər hələ uzun illər bizi hansısa “acından ölən” Afrika ölkələrinin dünya çempionatına getməsinə tamaşaçı, öz yığmamızı da o meydanlarda görməyə həsrət qoyacaq.


O “təsadüf”lər üzündən klub rəhbərliklərində, AFFA icraiyyə komitəsində dəxlisiz adamlar “əhalinin şeyi” ilə oynayacaq.


Və biz hələ uzun illər baxıb deyəcəyik – Bəlkə, həyatda heç təsadüf yoxdur?!


Bəlkə, elə təsadüflər nəticəsində biz peşəmizə, işimizə aşiq olur, daha çox çalışırıq... Çünki bunu taleyimiz kimi qəbul edirik.


O digər “təsadüf”lər isə, sadəcə, təyinatdır... Get ora, dağıt-töl, bizə də hərdən görüm-baxım edərsən!... 


Ehtiram müəllimə də, “Turan” azarkeşlərinə də, Azərbaycan futbolunun inkişafını arzu edənlərə səbir arzulayıram...


Lap başsağlığına oxşadı... Futbolumuzu üç dəfə qaldırıb yerə qoyun!


Rüfət Əhmədzadə

[email protected]