Belə bir iqtisadi hekayə var. Sonda futbolla əlaqəsini yazacam.

 

Böyük bir supermarketin sahibi mühasibinə gəlir gətirməyən malların siyahısını tərtib etməyi və sonra əməkdaşlarına həmin məhsulları satışdan çıxartmağı tapşırır. Bundan 6 aydan sonrakı hesablamalarda mağazanın gəlirinin xeyli azaldığı ortaya çıxır. Səbəbi maraqlıdı.

 

İlk baxışdan məntiq düzdü: mal gəlir gətirmirsizə, onu satmaq ağılsızlıqdı. Ancaq bu ilk baxışdan belədi. Məsələn, kibrit. Yaxud dırnaqtutan, ya da banka qapağı. Hər gün alınan məhsullar deyil, onlar üçün müxtəlif aralıqlarla, həftədə, yaxud ayda bir dəfə mağazaya baş çəkilir. Belə məhsullar çoxdu. Onlardan əldə edilən gəlir bəzən ona çəkilən xərcdən az olur: satıcının maaşı, xadimənin əlavə təmizlik pulu, yaxud mühasib, inzibatçı, menecer və digərlərinin onlar üçün sərf etdikləri əlavə iş vaxtının ödənişi və s. 

 

Amma bir adama kibrit lazımdısa, o həmin kibriti almaq üçün mağazaya gedəcək. Orda o yoxdusa, həmin müştəri bir də məhz kibrit (eynilə digər bu kimi məhsullar) üçün, bəlkə də elə digər məhsullar üçün də bura gəlməyəcək. 100 mal üçün 100 nəfər gəlmirsə, bu 100 müştəri itirmək deməkdi. Deyə bilərsiz ki, o müştərilərin olmaması ilə heç nə itirmərik. Bəli, həmin müştərilər mağazadan ancaq kibrit alıb çıxarlarsa, siz deyəndi. Mütləq ki, böyük hipermarketlərə yalnız çörək almaq üçün girib, yüz cür məhsul aldığınız vaxtlar dəfələrlə olub. Bir kolbasa almısız o çörəklə yeməyə, həmin kolbasa-çörəklə yaxşı gedən bir kola almısız, kassaya tərəf gedəndə qarşınıza “70 faiz endirimdə filan məhsul” çıxıb, ondan da birini atmısız səbətə. Belədə 40 qəpiklik çörək almaq üçün girdiyiniz mağazadan azı 5-6 manatlıq bazarlıqla çıxmısız. Buna görə də bir sıra malları adətən mağazanın lap dərinliklərinə qoyurlar ki, yolüstü “tələ”yə də düşəsiz. 

 

İndi söhbət var ki, AFFA illərdi keçirilən Əvəzedicilər Liqasını ləğv eləmək istəyir. Həmin bu söhbətdi. “Maraqsızdı”, “əhəmiyyətsizdi”, nə bilim, “xeyirsizdi” söhbətləri edilir. Cənablar, bu Liqada super futbolçular oynasaydı, hər il əsas komanda ordan yüzlərlə futbolçunu oynatsaydı, adı əvəzedicilər yox, elə əsas liqa olardı. Əvəzedicilər Liqası ilk baxışdan əhəmiyyətsiz görünən, amma müxtəlif funksiyalı, çox vacib bir ehtiyat turnirdi. Zədədən təzə qayıdan, əsas komandada heyətə düşməkdə çətinlik çəkən əsas heyət oyunçularının oyun praktikası qazanması üçün ideal yerdi, 19 yaşına qədər özünü göstərə bilməyən futbolçular üçün daha bir şansdı, əsas komandada oyunçu çatışmazılığı olanda (cəzalar, zədələr və s.) ən azı ehtiyat qüvvədi, I və II Liqa üçün hazır oyunçular toplusudu, kütləvilik yaradılan yerlərdən biridi. Siyahını uzatmaq olar. Təbii ki, formatını dəyişib, məsələn, U-23 Liqası, ya da A2 Liqası düzəltmək də olar. Olsun, amma ikinci (əvəzedici) komandaların turniri ideyasının üstündən heç bir vəchlə xətt çəkmək olmaz.

 

Burda məsələ baxış bucağındadı. Biz ya bu futbola geniş baxıb onu hipermarket kimi idarə edəcək, bazara daha geniş “məhsul çeşidi” ilə çıxıb daha “böyük gəlir” əldə edəcək, daha böyük layihələr həyata keçirib uğur qazanacağıq, ya da məhəllədəki “budka” niyyəti ilə davam edəcəyik. Seçim məsələsidi. Azərbaycan futbolunun kökünə elə balta vurulub ki, toparlamaq üçün xırda işlərlə heç nəyə nail olmaq mümkün deyil. Ciddi, fundamental işlər görülməlidi. “Toxum səpib” bir neçə ildən sonra məhsul götürmək gərəkdiyi vaxtda, güc-bəla yaşaran otu da yandırmaq olmaz. Pul da var, özü də artıqlaması ilə. Premyer-Liqaya 50 komanda doldurmaqdansa, buna çəkilən xərcə başqa, daha səmərəli işlər görmək olar. Deməkdən dilimizə yara çıxan uşaq futbolunun infrastrukturunun qurulması, kadrların yetişdirilməsi üçün layihələrin həyata keçirilməsi, əlavə turnirlərin keçirilməsi və s. bu kimi işlər, məsələn.

 

Bir sözlə, “palanı döyəcləmək” yox, daha təməl işlərə yönələk, cənablar! Gələcəkdə bizə (sizə) buna görə sağ ol deyəcəklər, hansısa klubu zorla “rayona aparıb” Liqaya “calaq eləmək”lə yox. İşimizə peşəkar yanaşaq. 

 

Kənan Məstəliyev