
Bakıda keçirilən DÇ-də beşinci günə yekun vuruldu
- 25 May 2025 23:51
- 36
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında beşinci günə yekun vurulub.
Rekord.az xəbər verir ki, qrup mərhələsinin 3-cü turu çərçivəsində ilk 8 oyun baş tutub.
Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb.
A qrupunda yer alan Azərbaycan millisi Mavritaniyanı 2:0 hesabı ilə məğlub edib. Qrupun digər görüşündə Bəhreyn Sloveniyanı 4:1 hesabı ilə üstələyib. Beləliklə, bu qrupda Azərbaycan və Mavritaniya komandaları 1/8 finala vəsiqəni təmin edib.
A qrupu: Azərbaycan — 7, Mavritaniya — 4, Bəhreyn — 4, Sloveniya — 1.
B qrupunda Özbəkistan yığması Çadla qarşılaşıb. Görüş Asiya təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:0. Lakin buna baxmayaraq komanda qrupda qalıb. Əvəzində dünya çempionatının favoritlərindən sayılan Rumıniya komandası Fransa millisi ilə oyunda heç-heçə (0:0) sayəsində 1/8 finala vəsiqəni təmin edib.
B qrupu: Fransa — 5, Rumıniya — 4, Özbəkistan – 4, Çad — 3.
C qrupunda Türkiyə millisi İngiltərəyə uduzaraq (0:3) qrupdan çıxa bilməyib. Macarıstan isə Ukraynanı məğlub edərək (3:0) adını növbəti mərhələyə yazdırıb.
C qrupu: İngiltərə — 7, Macarıstan – 5, Türkiyə — 4, Ukrayna — 0.
D qrupunda yer alan Portuqaliya qrup mərhələsinin 3-cü turunda Hindistanı böyük hesabla məğlub edərək (8:0) xallarının sayını 9-a çatdırıb. Bolqarıstan isə Slovakiya üzərində 1:0 hesablı qələbə qazanaraq qrup mərhələsini ikinci pillədə başa vurub.
D qrupu: Portuqaliya — 9, Bolqarıstan — 6, Slovakiya — 3, Hindistan — 0.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.