“Avropaya getmək üçün əlimizdən gələni edirik” – Vernidub
- 21:00
- 37
“Neftçi” bu gün Misli Premyer Liqasının 24-cü turunda “Qəbələ”nin qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Hər bir matçda bizə dəstək verirlər. Oyunla bağlı onu deyə bilərəm ki, rəqib çox maraqlı komandadır. Uduzmaqlarına baxmayaraq, mənim xoşuma gəlirlər.
Hakimliklə bağlı çox danışılırdı. İdarəçilik bu gün yüksək səviyyədə idi.
Komandamız ürəklə çıxış etdi. Düşünürəm ki, oyun uzaq Bakıdan buraya təşrif buyuran azarkeşlərimizin də ürəyincə oldu.
Qəbələdə çox gözəl futbol infrastrukturu var və meydança əllərinin altındadır. Çox gözəl şərait yaradılıb və ona görə də Premyer Liqada “Qəbələ”nin bir neçə yetirməsi çıxış edir. Bu, çox yaxşı haldır. Mən də sevinirəm ki, Azərbaycanda futbol inkişaf edir.
Mənim üçün Ukraynada nə yazırlar, bilmirəm (“Turan Tovuz”la matçdan sonra Kurban Berdıyevin əlini sıxması). Bilmirəm ki, adamın neçə pasportu var. Birdir, ikidir, bilmirəm. Mən bildiyimə görə, Berdıyev türkmənistanlıdır. Müharibənin ilk günündən necə düşünürdümsə, indi də elə fikirləşirəm. Mənim bununla bağlı deyə biləcək sözüm var. Bəs o yazanların sözü var?
Əlimizdən gələni edirik ki, Avropada çıxış edək. Nə olacağını Allah bilər. Əlimizdən gələn nə varsa, etməyə çalışcağıq. Və deyim ki, Azərbaycan çempionatı çox maraqlıdır. Artıq üç aydır ki, burdayam hələ çempionluq bəlli deyil.
Avropaya getməsək, faciə deyil, xoşagəlməz hadisə kimi qiymətləndirəcəyik. Çox komandalar bunu istəyir. Hətta “Şamaxı” da bunu istəyir. Nə olacaq, mövsümün sonunda görəcəyik”.