Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlıq proqramına uyğun olaraq mayın 31-də Türkiyəyə yola düşüb. "Rekord.az" xəbər verir ki, yığmamız təlim-məşq toplanışının son mərhələsini Ankara şəhərində keçirəcək.
Bu mərhələ çərçivəsində komanda məşqlərlə yanaşı, Türkiyə millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək. Boris Qrebennikovun rəhbərlik etdiyi millimiz Türkiyəyə Avropa Liqasında çıxış edəcək əsas heyətlə yollanıb. Hazırlıq prosesinin ardından yığmamız iyunun 5-də Ankaradan birbaşa İsveçə yola düşəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası Avropa Liqasının ilk tur oyunlarını 6–7 iyun tarixlərində İsveçdə keçirəcək. Yığmamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan milli komandaları olacaq.