Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Almaniyanın Heydelberq şəhərində keçirilən Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirib.

Rekord.az xəbər verir ki, qurumda baş tutan görüşdə yarışda iştirak edən və ümumilikdə 1 qızıl və 3 bürünc medal qazanan paracüdoçular - İlham Zəkiyev, Saleh Sultanov, Dürsədəf Kərimova və Xatirə İsmiyeva, eləcə də kişi və qadın milli komandalarının baş məşqçiləri - İbrahim İbrahimov, Ramin İbrahimov və komandanın digər üzvləri iştirak ediblər.

Toplantı zamanı idmançıların yarış təəssüratları və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı beynəlxalq turnirlər və gələcək hədəflər müzakirə olunub. Həmçinin milli komandanın uğurlarının davamlılığının təmin edilməsi, hazırlıq prosesinin daha da təkmilləşdirilməsi və idmançıların inkişaf perspektivləri ilə bağlı məsələlərə toxunulub.

Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasının yeni nəsil paracüdoçuların yetişdirilməsi baxımından böyük motivasiya mənbəyi olduğunu qeyd edib. O, idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüşdə Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də iştirak ediblər.