“3-4 oyundur, haqq etmədiyimiz halda məğlub oluruq”
- 19:40
- 36
“Şamaxı” bu gün Misli Premyer Liqasının 25-ci turunun açılış matçında “Araz-Naxçıvan”ı qəbul edib.
Rekord.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan “şirlər”in baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov “Araz-Naxçıvan” kimi komandaya qarşı üstün oynamalarının sevindirici hal olduğunu bildirib:
“Yadıma gəlir, çempionatda üç, ya dördüncü oyundur ki, haqq etmədiyimiz halda məğlub oluruq. Fürsətlərimiz oldu, yararlana bilmədik. Uşaqlar meydanda vuruşdular. Əfsuslar olsun ki, epizodları bitirə bilmədik. Amma buna baxmayaraq, sevindirici haldır ki, “Araz-Naxçıvan” kimi komandaya qarşı üstün oynadıq.
“Şamaxı”nın heyətində milli komandaya namizəd oyunçular var. Amma U-21 millimizin də vacib oyunları var. Gəlib əsas komandada 5 dəqiqə oynamaqdansa, Portuqaliya kimi komandalarla 90 dəqiqə mübarizə aparmaları daha yaxşıdır”.
Abbasov, ötən turdakı “Sumqayıt”la (1:0) oyundan sonra keçirilən mətbuat konfransında “bəzi klub rəhbərlərinin istefa verməli olması” ilə bağlı açıqlamasını belə əsaslandırıb:
“Birincisi, bizim problemimiz odur ki, suallara, cavablara qulaq asmırıq. Jurnalistlərə hörmətim var, bütün sualları cavablandırıram. Kimin kiminlə problemi varsa, ora yozuruq. Burda nəsə demək hansısa şəxsə xüsusi olaraq ünvanlanmır. Bu, hər yerdə belədir”.