"Qarabağ"ın ÇL-də son turdakı rəqibi olan "Liverpul"da Uilyam Spirman ad-soyadlı bir şəxs çalışır. Analitikdi. İllərdi klubdadı, geniş tərkibli məşqçilər korpusunda yer alır. 


Bura qədərində qeyri-adi heç nə yoxdu. Hər yerdə analitiklər var.


Qeyri-adi olan odur ki, bu adam Dallas Universitetinin təbiət elmləri üzrə bakalavr, Harvardda yüksək enerji hissəciklərinin fizikası üzrə doktorantura təhsili alıb. Paralel olaraq CERN-də (Avropa Nüvə Araşdırmaları Təşkilatı) Hiqqs bozonun ("Tanrı hissəciyi") kəşfi üzərində işləyib. Alimdi. Nüvə alimi.


Nüvə alimidi və "Liverpul"da analitik işləyir. Bir futbol klubunun miqyasına bax...


Spirmenin komandadakı işi bir çox aspektləri əhatə edir. Oyunçu izləmə məlumatlarından yararlanaraq o, meydançadakı prosesləri kəmiyyət olaraq qiymətləndirən modellər tapmağa kömək edib. Bu modellərə əsasən, komandanın müəyyən vaxt çərçivəsində meydandakı istənilən zonaya nəzarət və idarə etmək ehtimalını müəyyənləşdirmək olur. Buna "topsuz qol vurmaq" adı da verilib. Loru dildə desək, Spirman oyun zamanı topsuz olan boş yerlərdən daha yaxşı necə istifadə edərək komandanın gücünə-güc qatmağın yollarını tapmağa kömək edib. Bu konsepsiya ilə "Liverpul" öz taktiki planlaşdırmasını mükəmməlləşdirib, müdafiədəki zəif nöqtələri taparaq onları aradan qaldırılması, dominant futbol oynamaq üçün gərəkənlərin ortaya çıxarılması, eyni zamanda, yüksək riskli, amma yüksək məhsuldarlıqlı hücum sxemlərinin müəyyən edilməsini təmin edib.


İşin nəhəngliyinə bax. Düşünəndə belə adam çaşır. Yerlə, göylə əlləşən, zərrədən tama qədər çıxan biri bu işin içindədi. 


Və bu nüvə aliminin analitik kimi çalışdığı klubun qarşısına biz "Qarabağ"la çıxacağıq. Hətta qabağa gedib nəsə tələb də edəcəyik "köhlən atlar"dan. Etməsək futbola, etsək məntiqə xəyanətdi.


Qurban Qurbanov isə illərdi deyir ki, mən ölkədə fizioterapevt, idman həkimi və digər, Avropada adi görünən işləri görəcək adamları tapa bilmirəm komandaya cəlb edim. Yoxdular.


Həyatdı da, yaşayırıq özümüz üçün. Arada isə kosmos böyüklüyündə uçurum var.