Pokatilov və Puxaç haqqında danışmaq lazımdır.


Təbii ki, bu futbolçular lap əla da oynasaydılar nəticə dəyişməyəcəkdi. "Barsa" "Barsa"dır, lazım olanda 3 qolu birdən vurub məsələni göz qırpımında həll edə bilir, yenə də belə edəcəkdi. Ancaq hər şeyin bu qədər asan alınması və bəzi oyunçuların fərdi bacarıq(sızlıq)ları səbəbindən baş verməsi də təsir edir.


Və məsələ odur ki, bu, sırf bu matça xas bir məqam deyildi. Həmin o "bəzi"lərdən ikisini müzakirə etməliyik.


Puxaçdan başlayaq. 


Adam Yamalı dayandıracağını deməklə özünə güvəndiyini göstərmişdi, əvəzində Laminin əvəzedicisi onu meydanda oyunboyu ot biçməyə məcbur elədi. Qəbul edirik ki, rəqib güclüdür, ulduz futbolçulardan təşkil olunub. Amma bu bu qədər boşluq verməyə, çox aşağı performansa bəhanə olmamalıdır. Polşalı futbolçu artıq neçə matçdır bu vəziyyətdədir. Məhz onun cinahı açıq yol vəziyyətinə düşüb, rəqiblər oranı az qala maneəsiz gedib-gələ bilirlər. Bunun bir neçə səbəbi ola bilər. Birincisi, adamın səviyyəsi budur və biz ondan daha çoxunu gözləməkdə səhv edirik. Təsnifatlar, daxili yarışlarda əla oynayan Timo, rəqiblər ciddiləşən kimi "adi" oyunçuya çevrilir. Yəni bacarığı budur, bundan artığı alınmır. İkincisi, ağır qrafikin gətirdiyi fiziki və psixoloji yorğunluq öz təsirini göstərir. 5 ay əvvəl TNS-lə başlayan seriya fasiləsiz davam edir və bu müddətdə az qala hər matçda maksimum güc qoymağa məcbur olmaq yorucudur. Bəli, komanda yoldaşları da eyni yolu gedirlər, ancaq görünən odur ki, Puxaç bu yükün altından çıxmaqda çətinlik çəkir. 5 ay əvvəl sadəcə uzaq Azərbaycanın çempionu olan futbolçu bu müddətdə ÇL-ə vəsiqə qazandı, millisinə dəvət olundu, "dibdən zirvəyə" qədər məsafə qət etdi. Bütün bunlar bu müdafiəçini yorub və bəlkə də qış fasiləsində normal istirahətdən sonra özünə gələcək. Üçüncüsü də, "ulduz xəstəliyi"ndən yaranan məsuliyyətsizlik və fikrin başqa yerə yönəlməsidir. Adam fikirləşir ki, mən karyeramın zirvəsindəyəm, ən yaxşıların liqasında ən yaxşılara qarşı start heyətində oynayıram, komandada mövqeyimdə rəqibim yoxdur, ona görə elə bu oyunumla da davam edə bilərəm. Üstəlik, böyük səhnə böyük imkanlar yaradır, daha yaxşı maliyyə şərtləri olan təkliflər var, bu da diqqəti yayındırmaya bilməz. Öz ölkəsində onu heyətində görmək istəyən bir neçə klub hazırda "Sabah"dakından daha yaxşı şərtlər irəli sürə bilərlər (sürüblər də). Yevlaxın, Şamaxının sünisində, 15 nəfər yaş ortalaması heç 15 olmayan azarkeşin qarşısında top qovmaqdansa, Polşada, daha yaxşı turnirdə, ən əsası daha yaxşı məvaciblə oynamaq arasında seçim etmək çətin deyil. Puxaç bilir ki, bir də ÇL, bir də bu şans olmaya bilər və şans varkən yararlanmaq lazımdır. İlk imkandaca, bu şansdan istifadə edib gedəcək. 


Pokatilov isə ayrı dərddir.


Adamın "şkola"sında problem var. Qapıçı olaraq çox sadə epizodlarda səhvlərə yol verməsi bizi bu fikrə gəlməyə məcbur edir. Ya uşaq vaxtı bəzi şeyləri, məsələn, "topu necə düzgün qaytarmaq lazımdır" dərsini ona öyrətməyiblər, ya da öyrədəndə xəstə olub, ya da başqa səbəblərdən məşqə getməyib, öyrənməyib. Stas çərçivədə çox yaxşıdır, topu hiss edə, qabaqlaya bilir, seyv bacarığı yüksəkdir. Yəni kimsə ona "pis qapıçıdır" deyə bilməz, desə də, haqsızlıq etmiş olar. Amma zəif tərəfləri də az deyil. Natamam desək ağır olar, çatışmazlıqları olan kiperdir. Əksər hallarda topu düzgün mövqeyə çıxarmamaqla rəqibə qol pası vermiş olur və bu "defekt"i aradan qaldırmaq çətindir. Qazax qapıçı sanki "işim zərbənin qarşısını almaqdır, qalanı mənlik deyil" deyirmişcəsinə oynayır. Valdas müəllim ona başa salmalıdır ki, onun işi tək zərbəni dəf etmək deyil. Sən hər üstünə gələn topu rəqibin ayağına qaytaracaqsansa, bu qurtarış yox, komandana "ayı xidməti" olacaq. Necə ki, olur da... Təzyiq altında etdiyi səhvlər də az deyil və bu barədə dəfələrlə danışmışıq. Rəqabətin olmaması ilə öz üzərində işləmək, inkişaf etmək məcburiyyəti də olmayınca, qapıçı kimi "bir nöqtədə qalır". Hələ "Hapoel"lə səhvlərindən sonra yazmışdıq, təkrar da edə bilərik ki, yalnız bir əsas qapıçı ilə ÇL-ə getmək səhv idi. Pokatilov bu yükü daşıyacaq, bu yükün altından çıxacaq bacarıqda qapıçı deyil, daha böyük hədəflər üçün yaramır.