
VAR gələn mövsüm də olmayacaq?
- 23 Fev 2022 17:00
- 599
Azərbaycan Premyer Liqasında VAR-ın tətbiqi yubana-yubana gedir. AFFA rəsmi şəkildə bunun 2022-ci ilin fevralında reallaşacağını açıqlasa da, bu, baş tutmadı. İndi gözlər növbəti mövsümə çevirilib.
Lakin AFFA-ya yaxın mənbələrdən Rekord.az-a ötürülən məlumata görə, növbəti mövsümdə də bu sistemin tətbiqi sual altındadır.
Mediaya açıqlamalarda problemin texniki avadanlıqlarla bağlı olduğu deyilsə də, reallıqda səbəb başqadır. İş ondadır ki, SOCAR-dakı yeni idarəetmə sistemi və rəhbərlik dəyişikliyindən sonra sözügedən şirkətdən AFFA-ya ayrılan maliyyə müvəqqəti olaraq dayandırılıb, deyilənə görə, bu məsələ ilə bağlı ciddi araşdırma gedir. Yəni buna qədər ayrılan külli miqdarda vəsaitin xərclənmə istiqamətləri araşdırılır. AFFA ötən ilin sonlarında VAR üçün 2 milyon manat lazım olacağını açıqlamışdı. Sonradan isə SOCAR bu məbləğdə pulun ayırılmasına qol çəkməmişdi. Fevralda VAR-ın tətbiqi də bu üzdən baş tutmadı. Hazırkı yoxlamalar və onun nəticələri fonunda dərhal 2 milyonun ayırılacağı o qədər də inandırıcı görünmür. Yəni proseslərin bu qədər rahat gedəcəyi proqnozıaşdırılmır. Məhz buna görə də növbəti mövsümdə də VAR-ın tətbiqi real görünmür. Çünki bu prosesə hazırlıq, onun həyata keçirilməsinin özü aylarla vaxt aparır.