
Utanmaq hissi
- 10:26
- 81
"İmişli"nin Premyer Liqaya gətirilməsi çox yaxşı oldu. Ciddi sözümdü. Bu qərarın hesabına bəzi həqiqətləri öyrənmiş, görmüş olduq. Futbolumuzda nə qədər məsuliyyətsiz insanların olduğunu və onların klub idarə etdiklərini, məsələn. Bu haqda bir qədər sonra.
Ölkə futbolunun Bakıdan kənara çıxmaması, Premyer Liqanın faktiki paytaxt çempionatına çevrilməsi çoxdankı dərdimiz idi. Az qala hər gün bu problemi qabardar, danışar, narazılıq edər, ali futbol qurumumuzdan tələb edərdik. Səsimizin eşidildiyini bilmək yaxşı idi. İndi elitada de-yure region təmsilçisi yarıdan çoxdu. Bu fakta sevinmək olar.
..dı.
Amma sevinə bilmirik. Çünki ya öz regionlarında oynamırlar, ya da oynamağa yer tapmırlar. Problemdirmi? Bəli. Amma həlli olmayan məsələ də deyil. Əsl problem başqadı.
Stadionu başqa şəhərdən də tapmaq olar. Orda uzun illər oynaya bilərsən. Əsas olan işə ciddi münasibət, Azərbaycan futbolunun başlıca problemi olan peşəkarlıqdı. Daha doğrusu, qeyri-peşəkarlıq.
Ağdamdan uzaq düşən "Qarabağ" ən yaxşı, müsbət nümunədi. Digərlərinin şəhəri, rayonu heç olmasa bizdədi, istədiyin vaxt gedib-gəlmək olur. "Köhlən atlar"ın qayıtmasına isə heç ümid də yox idi. Yeganə yolu adaptasiya olmaq, uğur qazanmaq üçün çalışmaq idi. Bunun üçün isə əvvəlcə işini, futbolu sevmək, davamında isə peşəkarlıq gərəkirdi. Nəticəsini bilirsiz. "Qarabağ" bu işin zirvəsinə qalxıb. Baxıb öyrənmək lazımdı.
İmişli işğal olunmayıb, müharibə getmir, vaxtilə elita görmüş stadionu da var. Maşınla da, avtobusla da, istəsən velosipedlə də, bacarmasan lap piyada da getmək olar. Yolda mina da yoxdu, şəxsən yoxlamışam. Bəs niyə klub şəhərdən uzaq düşüb? Soruşmuşuq, xeyli səbəb gətirirlər. Amma bəhanədi hamısı. Bir az quru istək lazımdı, bir az da peşəkarlıq. Heç biri yoxdu. Dünya veclərinə deyil. Elə bil elə belə də olmalıdı. Bu boyda yazırıq, söz deyirik, qulaqardına vururlar. Utanmadan.
Bir həftə əvvəl şəxsi işlərimlə bağlı Qubaya getmişdim, stadiona da baş çəkdim. İş gedirdi. Ot da əla idi, şərait də əla. Yüngül toxunuşlara ehtiyac var idi ki, əmin idim qısa müddətdə düzəltmək olar. Rahat ürəklə qayıtdım ki, bura ilk tur PL matçı üçün qayıdacam. İndi bunun üçün yolumu Şamaxıdan salmalı olacam.
And içə bilərəm ki, mən PFL-in tələblərini tək həll edərdim. Kvant mexanikası deyil ki, anlaşılması çətin bir şey ola. Stadiondu, əl gəzdir, bir-iki məqamı qaydasına sal, qurtardı getdi. İki fəhlə, "5 manat" da pulla bu məsələni yoluna qoymaq olardı. Premyer Liqaya gələcəyi 4 aydı bilinən klub isə analoqu olmayan qeyri-peşəkarlıqla adi bir işin öhdəsindən gələ bilmir.
Bilmir yox, bilmək istəmirlər.
Zaur Axundova baxın, heç olmasa. İki il əvvəl çempionata 10 gün qalmış, "Olimpiyski"nin ehtiyat meydançasında 4 nəfərlə məşq keçən Azər Bağırovla birlikdə komanda qurdu. İndi isə biz həmin komandanın iki gün əvvəl "Omoniya"ya niyə uduzduğunu müzakirə edirik. Hardan-hara...
Bilirəm, "İmişli"də bu yazını oxuyurlar. Ona görə də bir də yazıram, qoy eşitsinlər: cənablar, sizin yerinizə utanıram! Bir stadion işini həll edə bilməyəcəkdizsə, bizə niyə nağıl danışırdız, niyə bu qədər səs edirdiz? Heyf sizə verilən dəstəyə. Ölkədə hamı sizin elitaya gəlişinizə sizdən çox sevinirdi.
İndi isə hamımız sizin yerinizə utanırıq!
* * *
Yenə də deyirəm, AFFA düz etdi. Klub sayını artırmaqla da, region təmsilçilərini elitaya gətirməklə də.
Əvvəla elə bu "İmişli" kimi yarımfabrikat klubların "bizə şans vermədilər" kimi bəhanələri qalmadı. Şans da verildi, imkan da yaradıldı, mümkün ola biləcək, hətta ondan da yuxarı dəstək verildi, gərəkəndən artıq güzəştlər edildi.
İkincisi də ki bizlərə aşağı dəstələrdə kimlərin oynadığını, hansı klubların, hansı idarəçilərin iş başında olduğunu göstərdilər. "Niyə Premyer Liqada 16 komanda yoxdu" sualına da beləliklə, əyani cavab aldıq. Ölkə futbolunun potensialının hara qədər çatdığı gün kimi ortadadı artıq. Bundan sonra tələblərimizdə ehtiyatlı olarıq.
"Yoxlayıb, sonra buraxardılar" söhbəti keçmir. Həm onu öncədən bilmək mümkün deyil. Həm də işin sosial tərəfi var. Aşağı liqalarda oynamaqla böyümək olmur. Elə olsa, gərək 10 il də gözləyək ki, nə vaxt düzələcəklər, nə vaxt hazır olacaqlar? Yeganə yol elitaya gətirib burda öyrətməkdi. Əlifbadan başlayaraq. Rəhmətlik Elçibəy demiş, "Fransadan xalq gətirəsi deyilik ki, olanımız budu". Gətirib, öyrədib, düzəltməliyik.
Düzələcək, düzəlmək istəyəcəklərsə, təbii ki. Əksi olacaqsa, sezonu yola verib aşağı dəstəyə, oradan da tarixi yaddaşına köçəcəklər.
Yazar haqqında
