2010-cu ildə yaradılan “Rekord.az” öz gücü, öz minimal imkanları daxilində daima Azərbaycan idmanının, futbolunun inkişafına xidmət göstərmiş bir idman-xəbər saytıdır. Bütün çətinliklərə rəğmən bu yolumuzu davam etdirmiş, fəaliyyətimizdə fasilələrə yol verməmiş, mövqeyimizdə heç vaxt dəyişiklik olmamışdır. Bu həmişə belə olub, belədir, bundan sonra da belə olacaqdır.

 

Ancaq bir nöqtədə qalmaq, dayanmaq olmaz və yeniliklər də həmişə olmalıdır. Düşündük ki, artıq kiçik də olsa, yeni bir səhifənin açılmasına ehtiyac var. Bu səbəbdən də həmişə tənqid etdiyimiz cəbhə - futbol camiəsinin birbaşa içərisinə daxil olmaq, prosesin bilavasitə iştirakçısı olaraq həm öz töhfəmizi vermək, həm də oxuculara doğruları çatdırmaq qərarına gəldik.

 

Beləliklə, “Rekord.az” idman-xəbər saytı olaraq bəyan edirik ki, yeganə dəstəkçisi olduğumuz “Rekord” İdman Klubu 24 sentyabr 2022-ci il tarixindən AFFA-nın aşağı yaş qrupları arasında keçirilən yarışlarda, daha dəqiqi, U-11 Liqasında iştiraka başlayıb. Komandanın bütün xərcləri – məşq, nəqliyyat, geyim və s. xərclər məhz saytımız tərəfindən qarşılanacaq, tam dəstək veriləcəkdir. Oyunlarımız Sumqayıt şəhərindəki “Kapital Bank Arena”nın ehtiyat meydançalarında keçiriləcək.

 

Sumqayıt təmsilçisi olan komandamız yenidir, üst pillələrə iddialı deyil. Məqsədimiz çempion olmaq yox, sadəcə iştirak etmək, istedadlı yeniyetmə nəslin yetişdirilməsində kiçik də olsa, rol oynamaqdır. Düşünürük ki, bu yaşda uşaqlar nəyin hesabına olursa-olsun qələbə qazanmaq yox, hər matçı bir bayram kimi yaşamağı, kollektivçilik, komanda ruhunun formalaşdırılmasını, nəticədən asılı olmayaraq hər qarşılaşmanı yeni bir çağırış, yeni bir təcrübə kimi qəbul etməyi düşünməlidirlər. Bunun üçün əlimizdən gələni edəcək, bütün gücümüzü səfərbər edəcəyik.

 

Əminik ki, “Rekord” Azərbaycan uşaq futboluna rəng gətirəcək. “Qızılı-qara” formamızla bu maraqlı layihədə iştirak edəcəyimizlə bağlı həyəcanlanır, böyük həvəslə matçların startını gözləyirik. Rəqiblərimizə isə öncədən təşəkkür edir, uğurlar arzulayırıq!

 

“Başqaları sadəcə yarışır, rekordları isə biz vururuq!”