Ümidi Allaha qalan "Napoli"
- 11:21
- 35
Bu gün həm "Qarabağ”, həm də ümumilikdə Azərbaycan futbolu üçün tarixi olan Çempionlar Liqası mövsümündə 5-ci turun qarşılaşmaları keçiriləcək. Ağdam təmsilçisi daima Bakıya bənzədilən gözəl Neapolda, dahi Dieqo Armando Maradonanın adını daşıyan əzəmətli arenada böyük “Napoli”nin qonağı olacaq. Böyük bir futbol qarşılaşmasına şahidlik edəcəyik.
Meydan sahibi olan klub, onun tarixi, böyüklüyü barədə danışmağa ehtiyac yoxdur. Sadəcə “Bu “Napoli”dir” deyib, nöqtəni qoyaq bilərik. ÇL-dəki son 19 oyunda cəmi 1 məğlubiyyəti olan bu komanda aşkar favorit, şübhəsiz, qələbəyə yaxın tərəfdir. Belədir, belə də olmalıdır.
Amma və lakin...
Biz bu təntənəli və qorxulu proqnozları, məğlubiyyəti qəbul etdirmə cəhdlərinə çox şahidlik etmişik. Əksərindən də “Qarabağ” üzüağ çıxıb. “Napoli” tərəfi özü də bilir ki, uduza bilər. Bunu hiss etməmək mümkün deyil.
Çünki zəifləyiblər.
Heyətlərində ciddi itkiləri var, əsas 11-liyin az qala yarısı zədəlidir. Lukaku, De Brüyne, Angissa, qapıçı Meret, Spinatsola, Gilmor və digərləri bugünkü matçda meydana çıxmayacaqlar. İş o yerə çatıb ki, son 1 ili 4-lü müdafiə ilə keçirən Antioni Konte, orta xətdəki futbolçu azlığını “Atalanta” ilə son matçda 3-lüyə keçib, 3-4-3 sxemini yoxlamaqla kompensasiya edib. Uğurlu alınsa da, boşluqları görməmək mümkün deyil. Bu haqda növbəti abzasda danışacağıq, ancaq bir şey dəqiqidir: biz “Napoli”ni udacağıqsa, bundan yaxşı zaman olmayacaq. Biz bir də bir İtaliya çempionunu bu qədər itki ilə yaxalaya bilməyəcəyik (yadıma düşdü ki, “Atletik”lə matçdan öncə də eyni cümləni işlətmişdim. Ümid edirəm ki, “Qarabağ” o məğlubiyyətdən nəticə çıxarıb və eyni səhvi təkrarlamayacaq).
Konte hücum futbolu oynadacaq. Son İtaliya çempionu adətən yüksək pressinqlə başlayır, qısa zamanda topu almağa, anında əks-hücum edərək istəklərinə nail olmağa çalışırlar. İdealda belədir. Hələ De Brüyne salamat olanda bu daha yaxşı alınır, hücumdakı Lukaku kimi nəhəngin xidmətindən də yararlana bilirdilər. Belçikalılar zədəli olduqlarından iş digərlərinə düşürdü ki, onlardan əsası Angissa idi. Bəxtimizdən o da oynamayacaq. Orta xətdə alternativlər azaldığından Maktominey müxtəlif mövqelərdə sınanıb, ondan meydandakı lider kimi istifadə edilib. Ancaq Skott nə qədər bacarıqlı olsa da, bir o qədər də təkyönlüdür. O, ötürmələrdə, qısa məsafələrdəki oyunlarda zəifdir, ona özünü göstərməsi üçün genişlik lazımdır. Qalır Lobotka. İdeala yaxın dayaq oyunçusudur, həm orta xətdə, həm də müdafiəyə kömək edərək əvəzedilməz birinə çevrilir. Mənə görə, “Qarabağ”ın əsas çətinliyi məhz onunla olacaq. Rəqibin pressinq edib topu almağa çalışan hücum xəttində Neres-Hoylund-Lanq (Politano da oynaya bilər) üçlüsü yer alır ki, onlar da qarşısıalınmaz deyillər.
Neapoldan xal gətirmək üçün “Çelsi” ilə matçdakı kimi oynamalıyıq. Qurban Qurbanov böyük ehtimalla, yetirmələrinə riskə getmək, topu maksimum özündə saxlayaraq neapolluların irəli çıxmasını təmin etmələrini istəyəcək. Prinsip etibarilə meydan sahiblərinin də niyyəti budur. Onlar hücum potensiallarına güvənərək matçın ilk dəqiqələrində fərqlənmək, oyunun sonrakı hissələrində isə əks-hücumda oynayaraq nəticə əldə etmək fikrində olacaqlar. “Napoli”nin müdafiəsinin cinahlarının pressinqdə fəal iştirak etdiyini və bu zaman öz mövqelərində boşluq verdiklərini qeyd etmək lazımdır. “Qarabağ”ın ilkin pressinqdən çıxaraq topu anında cinahlara yönəltməsi halında təhlükəli olacağı, solda Zubir, sağda isə Andradenin sürətli, eyni zamanda fərdi oyunu, sonrasında isə Yankoviç-Bikalyo cütlüyünün ikinci dalğanı təmin etməsinə ümid edəcəyini proqnozlaşdırmaq olar. Ona görə də bu matçda komandamızın ifasında uzaqdan zərbə ilə qol izləsək, təəccüblənməməliyik. Rəqibin müdafiədəki oyununu pozmaq və hücuma sürətli və effektiv keçidin qarşısını almaq üçün isə ilk hissənin gedişatında “Napoli”ni yüksək pressinqlə də oynamağımız mümkündür. Hər şey ola bilər.
Bu matçda kimin gücü başladıqları işi bitirməyə daha çox yetəcəksə, o da qələbə qazanacaq. Şablon ifadəni hərfi mənada işlədib, məhz güclü olanın qalib gələcəyini deyə bilərik. Fiziki hazırlıq bu matçın əsas məqamı olacaq.
“Napoli” evdə oynayır, qələbə qazanmaq, böyük bir bayram etmək istəyir. Amma bu “Napoli” Bakıda yarım əsas heyətlə oynayan “Çelsi”dən güclü deyil. Bu o anlama gəlməməlidir ki, italyanlar hazır yemdir, rahatlıqla istəyimizə nail olacağıq. O anlama gəlir ki, “Qarabağ” öyrəşdiyimiz tempdə, lazımi istək və enerjiylə oynasa, biz bu gecə Maradonanın məbədindən 3 xalı gətirə biləcəyik. Mənim buna şübhəm yoxdur.
Fakt odur ki, bu gün "Qarabağ" "Napoli"dən yaxşı komandadır. Meydan sahibləri bizi yalnız adlara görə üstələyir, bunu da əzmkarlıq və mübarizlik hesabına kompensasiya etmək olar.
Bəli, baş məşqçi Antionio Kontedirsə, orada zəif məşqçi işindən söhbət gedə bilməz. Çılğın olsa da, uzun illərdir dünyanın ən yaxşı məşqçiləri siyahısında yer alan italiyalı mütəxəssis güclü motivatordur. Oyunöncəsi mətbuat konfransında bu günün dahi Maradonanın anım günü olmasına işarə vurması, bununla futbolçularına əlavə məsuliyyət yükləməsi də bu qəbildəndir. Ancaq Konte unudur ki, Dieqo təkcə “Napoli”nin yox, bütün dünya futbolunun incisidir, fəlsəfi dildə desək, laməkandır. O futbolun Allahı idi, Allah isə hamımızındır.
Ümidi Allaha qalan "Napoli"ni yenməyimiz
arzusu ilə...
Kənan Məstəliyev