
Ümid yenə də qalır “Qarabağ”a...
- 14:37
- 149
“Omoniya”nın baş məşqçisi Henninq Berq komandasının Mərdəkanda sərgilədiyi oyundan və “Araz Naxçıvan”la qarşılaşmanın nəticəsindən razı qalıb. Kim razı qalmaz ki?! 4:0 hesablı qələbə turnir tapşırığının həll olunması deməkdir. İndi doğma meydandakı oyuna rahatlıqla hazırlaşmaq, ehtiyat qüvvəni orda sınamaq və gənclərə avrokubok həyəcanını hiss etmək üçün şərait yaratmaq olar. Çünki intiriqa ölüb, “Araz Naxçıvan” “ağ bayraq” qaldırıb. Özü də 90 dəqiqə bitməmişdən daha öncə.
Söhbət təkcə oyunun nəticəsindən getmir. Çexiyalı hakim Ondrjey Berska final fitini səsləndirməmişdən xeyli əvvəl “Araz Naxçıvan”ın futbolçuları məğlubiyyəti qəbul etmiş, taleləri ilə barışmışdılar. Qapımızda gördüyümüz ilk iki qoldan sonra ümumiyyətlə, meydanda mübarizə adına nəsə görmək mümkün deyildi. Hamı səbrsizliklə vaxtın bitməsini gözləyirdi. Tək-tük müqavimət həvəsi, əks-hücuma çıxmaq cəhdi görürdük ki, dəqiqələr irəlilədikcə, rəqib 3-cü və 4-cü qolu vurduqdan sonra bunlar da olmadı. Bununla da “Araz Naxçıvan” haqqında son iki həftədə səslənən təriflər, gəlişigözəl sözlər hamısı puç oldu. Başa düşdük ki, bir güllə bahar olmadığı kimi, UEFA Konfrans Liqasında bir mərhələ keçməklə də böyük hədəflər haqqında düşünmək olmur.
Şəxsi qənaətimdir ki, azarkeşlər “Araz Naxçıvan”dan çox şey istəyirdi. Elmar Baxşıyevin çalışdırdığı komandadan gözləntilərimiz birdən-birə xeyli böyümüşdü. Unudurduq ki, söhbət sürpriz şəkildə Azərbaycan Premyer Liqasında üçüncü yeri tutmuş və bununla da hamını təəccübləndirmiş komandadan gedir. Heç “Araz Naxçıvan”ın rəhbərliyi də avrokuboklarda mərhələ adlamaq, bir-birindən çətin rəqiblərlə qarşılaşmaq fikrində deyildilər. Belə bir fikirləri olsaydı, müdafiə xəttinin əsas üzvlərindən biri olan İqor Ribeyronu tələm-tələsik “Neftçi”yə satmazdılar. Bilmirəm, dünyada bu transferin analoqu var, ya yox. Komanda avrokuboklarda mübarizə aparır, heyətini gücləndirməyə çalışır, amma digər yandan da əsas heyətin üzvlərindən biri başqa komandaya keçir. Özü də hələ “Omoniya” ilə qarşılaşma ərəfəsində bəlli idi ki, Ribeyro “Neftçi”nin düşərgəsinə yollanacaq. Pul qazanmaq həvəsi o qədər güc gəlir ki, UEFA reytinqində xal ehtiyatını artırmaq da, Azərbaycanı avrokuboklarda layiqincə təmsil etmək də arxa plana keçir. Hamı öz marağını düşünür. Alan da, satan da...
Necə deyərlər, artıq evə qayıtmaq vaxtıdır. İndi qalır səfərdəki oyunu da yola verib, Azərbaycan çempionatı haqqında fikirləşmək. Kimə lazımdır uzaq səfərlər, gərgin oyunlar? Məlum məsələdir ki, mərhələ keçdikcə rəqiblər də çətinləşir, məğlubiyyətlərin də daha böyük hesabla olması ehtimalı yaranır. Ona görə elə ən yaxşısı “zərərin yarısından” geri qayıtmaqdır. Bizimkilər öz çempionatımızda oynamağa, bir-biri ilə mübarizə aparmağa yaxşıdır. Onların öz dünyaları var. O cümlədən də “Araz Naxçıvan”ın. Biz klublarımızdan mərhələ keçməyi tələb edib, onların dünyalarına müdaxilə etməyək. Qoy qayıtsınlar öz dünyalarına. Sofiyadakı məğlubiyyətdən sonra “Sabah”ın da mərhələ keçmək şansları elə də çox deyil. Deməli, ümid qalır yenə də “Qarabağ”a!
Yazar haqqında
