Millimiz bütün yoxlama oyunlarında qələbə qazanıb
- 11:31
- 29
Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ölkə xaricindəki təlim-məşq toplanışını başa vurub. "Rekord.az" xəbər verir ki, komandamız artıq Vətənə qayıdıb.
12-16 may tarixlərində Macarıstanda təlim-məşq toplanışında olan komandamız bu ölkənin yığma komandası ilə iki yoxlama oyunu keçirib və hər iki qarşılaşmada qələbə qazanıb (3:0, 3:1).
Daha sonra Sloveniyaya yollanan voleybolçularımız mayın 16-dan 29-dək Maribor şəhərində hazırlıq keçiblər. Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız burada baş tutan yoxlama oyunlarında Xorvatiya (3:1) və Avstriya (3:1, 3:1) millilərini, eləcə də ABŞ-nin “Colgate” klubunu (3:0) məğlub edib.
Qeyd edək ki, yığmamız Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandamızın rəqibləri İsveç və Estoniya milliləri olacaq.