
Uğur istinadımız - "Qarabağ"!
- 11:51
- 58
Oyunun 20-ci dəqiqəsində öz-özümə "bu saniyə 0:3 hesablı məğlubiyyət təklif eləsinlər, razıyam" deyirdim. Heç bir ümid işığı qalmamışdı. Oyunun "Estadio Da Luj"da, işıq stadionunda oynanmasına baxmayaraq. Amma varmış. Nə olursa-olsun, inanmaq lazım imiş.
Proqnoz etdiyim...
Matçdan öncəki yazımda rəqib müdafiəsinin cinahlarının zəif nöqtələri olduğu, bu məqamdan istifadə edərək nəticə əldə edə biləcəyimi yazmışdım. Onu da yazmışdım ki, "Qarabağ"ın cokeri Pedro Bikalyo olacaq, elə də oldu, UEFA matçın adamı məhz onu seçdi. Hələ komanda olaraq formalaşma, keçid dövründə, klub olaraq isə ciddi təzyiq altında olduqlarını, bunun bizim xeyrimizə olacağını, əks-hücumda tutub cəzalandırma şanslarımızın az olmayacağını və s.-ni də yazmışdım. Çox uzatmıram, maraqlı olsa, profilimdə tapa bilərsiz yazını.
...və edə bilmədiklərim vardı
Ancaq onu yazmamışdım ki, "Qarabağ" ilk dəqiqələrdən pressinq edərək rəqibi çaş-baş salmağa çalışacaq. Əslində, doğrusu bu idi. Çünki "Benfika"nın müdafiədən çıxmaqda problemləri var, əvvəlki matçlarda aşkar görünürdü. Amma nominal cəmi 1 hücumçusu olan, onu da ehtiyatda oturdacaq komandanın bu addımı atacağına inanmaq olmazdı. Məntiqlisi geri çəkilmək, ilk dalğanı yatırtmaq sonra öz oyununu oynamaq idi. Prinsipcə, belə də oldu. Amma dalğanı iki qol buraxaraq yatırdıq. Çox ağır hisslər idi. Hesab çox böyüyə, darmadağın ola bilərdi. Olmadı. Çünki həmin an "Da Luj"da olan təmsilçimizin özünəinamı itməmişdi.
Vaxtından tez sevinən portuqaliyalılar
İki top irəlidə olan "Benfika" sakitləşdi. İşin həll olunduğu düşündüklərindən təzyiqi azaltdılar, daha aşağı tempdə oynamağa başladılar, hətta geri çəkilərək nəfəs dərməyə, əks-hücumlara bel bağlamağa başladılar. Bu bizim xeyrimizə oldu. Komanda toparlanaraq kombinasiyalar qurmağa başladı. Cinahlarda yaxşı deyildik, rəqib əsas silahımızı əlimizdən almağa müvəffəq olmuşdu. Məcburən ortadan, qısa ötürmələrlə və Kadi və digərlərinin fərdi ustalığına güvənməli olduq. Daha sıx, topa daha yaxın oynamağa başladıq. Fərqi azaldandan sonra da bu gedişat davam etdi, real şansları qaçırdıq. Oyun xeyrimizə çevrilirdi. Bu məqamda Duranın real epizodu qaçırmasına üzülmüşdük.
Lajinin tələsik...
Fasilədən qayıdan kimi həmin Duran dəqiq oynayanda rəqib üçün iş-işdən keçdi. "Benfika" bu mövsüm belə duruma düşməmişdi deyə, nə edəcəyini bilmədi. Bruno Laji əvəzetmələrlə həm hücum, həm də orta xətti yeniləməklə öz müdaxiləsini etsə də, bu nəticə vermədi. Bəli, meydan sahibləri daha intensiv oynamağa, qapımıza daha çox gəlməyə, daha çox imkanlar əldə etməyə başladılar. Əvəzində Qurban Qurbanov öz təmkinini qorudu və kəskin addımlar atmadı, zamanını gözləmək qərarı verdi. Rəqibin növbəti hücum dalğasını yatırandan sonra "başsız atlı" Addaini meydana buraxıb irəlidə top saxlamağa, eyni zamanda fiziki hazırlığı hesabına basqı yaratmasını təmin etdi. Kadi sağa, Zubir ortaya keçdi. Həmişəki kimi... Bu planı Yankoviçin zədələnməsi pozdu. Amma...
Qurban Qurbanovun tarixi həmləsi
Düşünürəm ki, məhz bu məqamda Hoca qələbəni gətirəcək həmləyə imza atdı. Markonun əvəzinə Kuakunu buraxa, mövqe üzrə əvəzetmə edərək, bir növ hesabı qoruya bilərdi. Amma məşqçi başqa fikirdə idi. Hoca Bikalyonu dayaq, Borgesi isə mərkəz yarımmüdafiəçisi mövqeyinə çəkdi, cinaha isə Kaşuku saldı. Bu, orta xətdə kreativliyi artıracaq, nisbətən daha hücumameylli oyunun saxlanılmasına işarə idi. Qurban Qurbanov "qan qoxusu"nu hiss etmişdi. Həmlə özünü doğrultdu. Aleksey çox vacib bir qolla hesabda irəli çıxmağımızı təmin etdi. Son dəqiqələrdə isə müdafiə xəttimizin, xüsusilə də Bəhlulun fədakar oyunu bizə tarixi qələbəni gətirdi.
Zubirə alqış
Bu məqamda Zubiri fərqləndirəcəm. Hər dəfə dediyim sözü təkrarlayıram: Zubir yaxşı oynayanda, "Qarabağ" da yaxşı oynayır. Bu dəfə də belə oldu. Adama elə gəlirdi ki, fransalı qaçmır, ləngdi, yenə də sanki "yola verir". Hətta son saniyələrdə bir epizodda yorğunluqdan taqəti qalmamışdı deyə mübarizədən çəkindi. Səbəbini sonra bildik. Matçın ən çox qaçan adamı Zubir imiş. Təxminən 13 km məsafə qət etmiş, meydanın az qala bütün nöqtəsində peyda olmuşdu. Sadəcə, bravo!
Bəli, hücumçu lazım idi
Məhz indi bir haşiyəyə çıxım. "Hardadı o hücumçu lazımdı deyənlər, ehehe" ifadələrini yazan dostlar, həmkarlar, azarkeşlər və digərləri. Həmin o "hücumçu lazımdı" deyənlərdən biri və bəlkə də birincisi mənəm. Fikrimdə də qalıram. Çünki mən peşəkaram. Nəyi düz hesab edirəmsə, nəyi doğru bilirəmsə, onu da deyirəm, yazıram. Belədi, bundan sonra da belə olacaq. ÇL-ə 0,5 hücumçuyla getmək həm böyük risk, həm də işə birbaşa etinasız yanaşmaqdı. Şükr eləmək lazımdı ki, komandanın başında Qurban Qurbanov kimi möcüz var. O lap Buntiçi də hücumda oynadıb qələbə qazana bilər. Dünən buna bir daha əmin olduq. Amma bu o demək deyil ki, həmişə məhz belə olmalıdı. Belə şeylərə inanaraq uğur gözləmək, minimum qeyri-peşəkarlıqdı. İrəli xətti adi say olaraq natamam buraxmaq və Hocanın ümidinə qalmaq... Onda gəlin qarşıdakı illərdə ümumiyyətlə komandanı gücləndirməyək, 13-15 yaşlı uşaqları verək ona, deyək, "sən bacararsan. Gör, neynirsən də..." Ölkədəki digər problemlərin həllini də ona tapşıraq. Kəndlərə yol çəksin, iqtisadi problemlərimizi həll eləsin və s. Hər şeyi ona yükləyək. Onsuz da həll edəcək də. Nə isə... Təki, "Qarabağ" qələbə qazansın, hamımızı sevindirsin. Əsas olanı budu. Qalanı düzələcək.
İnam və istinad nöqtəmiz
Başda Qurban Qurbanov olmaqla, "Qarabağ" Azərbaycan futbolunun ümid və inam işığı olmağa davam edir. Buna qədər o qədər mədhiyyələr etmiş, o qədər xoş sözlər demişəm ki, yenisini tapa bilmirəm. Əvvəl dediklərimizin eynisidi, hamısı qüvvədədi. Xüsusi bir söz, cümlə də qalmayıb yazmağa. "Qarabağ" elə bir zirvəyə çatıb ki, başı görünmür. Oynamağa stadionu olmayan, ot meydançalara həsrət futbolumuzun gələcək üçün yeganə ümid və inam cücərtisi, yeganə istinad nöqtəsi məhz "Qarabağ"dı. Möhkəm, etibarlı, hər keçən çətin günümüzün ən xoş istinad nöqtəsi.
Təşəkkürlər, "Qarabağ"!
Yazar haqqında
