
"Turan Tovuz" - "Traktor" matçı baş tutmaya bilər
- 24 İyl 2025 14:00
- 146
"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində iyulun 29-da son İran çempionu "Traktor"la üz-üzə gəlməlidir və bununla bağlı Tovuz klubu tərəfindən anons da paylaşılıb.
Lakin Rekord.az-a daxil olan məlumata görə, məkan və tarix açıqlansa da, bu qarşılaşmanın baş tutmamaq ehtimalı da var.
Problem qarşı tərəflə bağlıdır. Təbii ki, burada "Traktor"u da qınamaq olmur. Söhbət İran hökumətinin bu qarşılaşmaya isti yanaşmamasıdır. Məhz bu səbəbdən Tovuz klubunun rəhbərliyi bəzi planlarını dəyişməyə, bəzilərini isə, ümumiyyətlə, ləğv etməyə məcbur olub. Bizdə olan məlumata görə, "Turan Tovuz" bu qarşılaşmanı daha böyük maştabda keçirmək istəyib. Hətta məkan kimi Trabzon, "Şükrü Saracoğlu" stadionları da təklif olunub. Lakin "Traktor" klubu bundan imtina edib. Onlar qarşılaşmanın adi yoxlama görüşü statusundan fərqli təqdimatına qarşıdır. Oyuna azarkeş buraxılmasını və canlı yayımlanmasını da istəmirlər. İran hökumətini xüsusi narahat edən rəqibin adında "Turan" ifadəsinin olmasıdır. Bu mənada "Turan Tovuz" tarix açıqlasa da, "Traktor"un İran hökumətinin təzyiqi ilə bu qarşılaşmadan imtina edəcəyi də istisna deyil.