Lisenziyalaşdırma sənədlərini AFFA-ya təqdim edən "Turan Tovuz" maliyyə sənədlərini hələ də təqdim etməyib.

Rekord.az xəbər verir ki, əslində bu sənədi elə federasiya özü Tovuz təmsilçisinə təqdim etməlidir.

Çünki nə qədər paradoksal səslənsə də, "Turan Tovuz"un sponsoru yoxdur və tək maliyyə aldığı qurum elə AFFA-dır. Qısacası, komandanın Premyer Liqada çıxışı birbaşa federasiyadan asılıdır. Tovuz komandası da onlardan cavab gözləyir. Lakin əldə etdiyimiz son məlumata görə, hələ bu günə qədər federasiyadan "Turan Tovuz"a Premyer Liqa ilə bağlı heç nə deyilməyib. Komanda rəhbərliyi mart ayı ərzində bir neçə dəfə müraciət etsə də, onlara hələ də cavab verilməyib. 

Qeyd edək ki, AFFA lisenziyalaşdırma ilə bağlı I Divizion komandalarıa aprelin 2-ə kimi vaxt verib.