"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Araz-Naxçıvan"la heç-heçə etdikləri matçı (2:2) şərh edib.


Rekord.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


"Matç bizim üçün çox pis başladı. İlk 15-20 dəqiqədə çoxsaylı top itkisinə yol verdik. Müdafiədən çıxarkən etdiyimiz səhvdən rəqib yararlandı və qol vurdu. Bundan sonra oyunda üstünlüyü ələ aldıq, fasiləyədək bir neçə təhlükəli hücum qurduq. Təəssüf ki, bu epizodları qolla tamamlaya bilmədik.


İkinci hissəyə də fəal başladıq, amma həmin dəqiqələrdə ikinci qolu buraxdıq. Bundan sonra hesabı dəyişmək daha da çətinləşdi. Buna baxmayaraq, üç gün əvvəl 120 dəqiqə oynamış futbolçularımız böyük xarakter göstərdilər və sona qədər mübarizə apardılar. Qələbə qazanmaq istəyirdik, amma rəqibin də gücünü nəzərə almaq lazımdır. Heyətlərində təcrübəli futbolçular var və son turlarda da inamlı çıxış edirdilər. Futbolçularıma təşəkkür edirəm. Bu gedişatda bir xal da bizim üçün önəmlidir".