Azərbaycanda ot örtüyü ilə bağlı ən tanınmış mütəxəssis olan Fil Şarpls süni və təbii arasındakı fərqlər barədə danışıb. "Rekord.az"-a eksklüziv açıqlama verən britaniyalı, maraqlı məqamlara toxunub. O, təbii örtüyün daha uyğun olduğunu qeyd edib: 


"Peşəkar keyfiyyətli süni meydançanın quraşdırılmasının qiyməti təbii ot səthinin quraşdırılması xərclərini aşa, daha çox ola bilər. Bəli, quraşdırmadan sonra süninin təmir (baxım) xərcləri daha azdır. Ancaq yenə də ən azı bir işçiniz olmalıdır və örtüyün saxlanması (baxım) üçün lazımi avadanlığın alınması da tələb olunacaq. Süni örtük baxımsız qala bilməz, bu da pulsuz başa gəlmir. 


Peşəkar futbolda təbii ot üstünlük verilən səthdir. Bunu sizə bütün peşəkar oyunçular deyəcək. Onlar keyfiyyətli təbii otda daha yaxşı çıxış edir, daha az yorulurlar və zədələnmə halları daha az olur. 


Bəli, futbolda süninin də öz yeri var. FİFA standartlı örtüklər yaxşı işləyir. Bununla belə, onlar təbii ot səthini tam şəkildə təkrarlamırlar və heç vaxt təkrarlamayacaqlar. Təbii otda rezin qırıntıları yoxdur. Təbii ot örtüyü ən vacib faktordur.


Futbol komandası və klub uğur qazandıqca, kluba yüksək bacarıqlı oyunçuları cəlb etmək istəyəcəklər. Yüksək performans göstərən bir çox oyunçu plastik meydançada məşq etməli və matç oynamalı olduqlarını bilsələr, müqavilə imzalamağı təxirə salacaqlar. Adətən zədə alma ehtimalının çoxluğu səbəbindən. 


Təbii meydançanın idarə olunması xərcləri plastik meydançalara nisbətən yüksəkdir. Amma bahalı futbolçuların süni örtüklərdə yorulması və ya zədələnməsi, oynaya bilməməsi də var. 


Meydançaların peşəkar insanlar tərəfindən, düzgün idarə edilməsi ilə xərclər idarə oluna və çox münasib qiymətə ola bilər. Meydança olmadan heç bir matç yoxdur. Əla təbii ot örtüyü ilə futbolçular xoşbəxtdir, oyunu təhlükəsiz oynamaq olar, televizorda da əla görünür. Futbolçular oynadıqları örtükdən asılı olaraq lazımi performansı ortaya qoya bilirlər. Bu örtük ekoloji cəhətdən də, həm planetimiz, həm də ölkə üçün yaxşıdır".