Taleh Ziyadov BEC-in İdarə Heyətinə seçilib
- 19:00
- 34
Taleh Ziyadov Danimarkanın Horsens şəhərində keçirilmiş Avropa Badminton Konfederasiyasının (BEC) İllik Ümumi Yığıncağında baş tutan seçkilərin nəticələrinə əsasən, 2026–2030-cu illər üçün təşkilatın İdarə Heyətinin üzvü seçilib.
Rekord.az xəbər verir ki, seçkilər yüksək rəqabət şəraitində baş tutub.
Avropanın müxtəlif ölkələrini təmsil edən 8 namizəd 3 direktor vəzifəsi uğrunda mübarizə aparıb. Səsvermədə təşkilatın 50 üzvündən 47-si iştirak edib. Ziyadovun seçilməsi BEC üzv assosiasiyalarının onun liderlik keyfiyyətlərinə, təcrübəsinə və Avropada badmintonun inkişafına verdiyi töhfələrə olan etimadının göstəricisidir.
Seçkidən sonra çıxış edən Ziyadov göstərilən etimada görə təşəkkürünü bildirib:
“Avropa badminton ictimaiyyətinin mənə göstərdiyi etimada görə dərin təşəkkürümü bildirirəm. İdarə Heyətindəki həmkarlarımla və bütün üzv federasiyalarla birlikdə işləyərək idarəetmənin daha da gücləndirilməsi, inkişaf imkanlarının genişləndirilməsi və badmintonun Avropada uzunmüddətli inkişafına töhfə vermək üçün çalışacağam”.
Ziyadov qarşıdakı dövr üçün əsas prioritetlər kimi birlik, inklüziv inkişaf və güclü institusional idarəetməni vurğulayıb. O, həmçinin Avropanın qlobal badminton sistemində mövqeyinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Onun seçilməsi İdarə Heyətinə idarəetmə, təşkilati inkişaf və beynəlxalq əməkdaşlıq sahələrində zəngin təcrübəyə malik bir mütəxəssisin qoşulması deməkdir.
Taleh Ziyadov 2021-ci ildən Azərbaycan Badminton Federasiyasının prezidenti, 2025-ci ildən isə Badminton Dünya Federasiyasının (BWF) Şura üzvüdür.